25 Dekabr 2024

“Dərsliklərdə erməni vəhşilikləri haqda yazılanlar səthidir”

Tarixçi alim: “Orta məktəb dərsliklərində bu, çox vacibdir”

Ötən həftə Azərbaycan xalqı tariximizin bəlkə də ən qanlı səhifəsi olan Xocalı faciəsinin 30 illiyini qeyd etdi. Bir ay sonra isə xalqımız 20-ci əsrin əvvəllərində yaşadığı mart soyqırımını qeyd edəcək. Ancaq ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlar bununla bitmir.

Soyqırım siyasətinin tarixi hələ 18-ci əsrdən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda – Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulub. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törədiblər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, evləri yandırılıb, əmlakları qarət olub.

Ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, ümumiyyətlə, 197 kənd dağıdılıb, sakinlərin bir qismi qətlə yetirilib, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşüb, əmlakları talan olunub, evləri isə yerlə yeksan edilib.

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişdirlər. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə yazıb: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

1918-20-ci illərdə isə ermənilər Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini vəhşicəsinə qətlə yetirmişdilər.

Ermənilərin bu soyqırımı 20-ci əsrin sonlarında Qarabağda davam etdirilmişdir. 21-ci əsrdə 44 günlük Vətən müharibəsində isə bütün dünyanın gözü önündə Gəncədə, Tərtərdə, Bərdədə dinc azərbaycanlılar soyqırıma mərzu qaldı.

Bəs ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi soyqırımlar haqda məktəb dərsliklərində yetərincə təqdim olunurmu?

İran yalnız indi deyil, Xalq Cümhuriyyəti zamanı da bizə qarşı belə mövqe  tutub...”

Mövzu ilə bağlı tanınmış tarixçi Boran Əziz “Yeni Müsavat”a danışıb: “Bütövlükdə Azərbaycanın Milli Azadlıq Hərəkatı tarixi geniş və hər tərəfli öyrənilməlidir. Lakin təəssüf ki, xüsusən də orta məktəblərdə xalqımızın apardığı milli azadlıq mübarizəsi çox səthi verilib, məlumatlar bəsitdir. Milli azadlıq hərəkatı hələ 1875-ci ildə başlayıb və 1991-ci ildə başa çatıb və bu Azərbaycan tarixinin şanlı bir səhifəsidir. 1905-1907, 1915-17-18-ci illər və 1980-ci illərin sonunda xalqımızın başına gətirilən soqyırımlar, qırğınlar əslində azadlıq hərəkatının qarşısını almaq, xalqımızın müstəqil olmasına imkan verməmək məqsədilə həyata keçirilib. Hesab edirəm ki, həm orta, həm də ali məktəblərdə Azərbaycan milli azadlıq hərəkatının tərkibi kimi bu qırğınlar daha geniş öyrənilməlidir.

Doğrudur, biz ali məktəblərdə erməni-müsəlman qırğının və “Difahi” partiyasının fəaliyyəti və yaxud 1918-ci ildə baş vermiş mart soyqırımını tədris edirik, amma bu, hərtərəfli, təfsilatlı deyil. Təəssüf ki, Azərbaycan tarixində daha çox iqtisadi tarixi önə veririk.
Bir daha qeyd edirəm, ali məktəblərdə xalqımıza qarşı törədilən soyqırımlar haqqında məlumatlar veririk, lakin orta məktəb dərsliklərində daha ətraflı keçirilməsinə böyük ehtiyac var və bu çox vacibdir”.