29 Mart 2024

Bu şəxslər depressiyadan daha çox əziyyət çəkir

Unisinos (Braziliya) alimləri müəyyən ediblər ki, vegetarianlar ət yeyən insanlara nisbətən depressiyadan iki dəfə çox əziyyət çəkirlər.

Media1.az “Report”a istinadən xəbər verir ki, tədqiqat “Journal of Affective Disorders” jurnalında dərc olunub.

Yeni araşdırmada tədqiqatçılar 35-74 yaş arası 14 216 braziliyalı ilə müsahibə aparıblar. Onlar ət yeməyənlərin ət yeyənlərlə müqayisədə depressiyaya düşmə ehtimalının iki dəfə çox olduğunu müəyyən ediblər.

Qeyd olunub ki, vegeterianların depressiyaya meylini təsdiqləmək və ya təkzib etmək üçün uzunmüddətli və genişmiqyaslı tədqiqatlara ehtiyac var.

Bununla belə, yeni tədqiqat vegetarian pəhriz və depressiya arasındakı əlaqəni araşdıran bir çox əvvəlki tədqiqatlara uyğundur. Ən ətraflı araşdırma 2018-ci ildə Fransada aparılıb.

Orada, təkcə vegetarian, vegan və ya ət yeyən şəxsin statusu deyil, həm də tədqiqat iştirakçılarının hansı qidaları istehlak etdiyi öyrənilib. Məsələn, paxlalılar (lobya, noxud və ya mərcimək kimi) yeməmiş vegetarianlar depressiya kimi psixiatrik pozğunluqlarla əlaqəli simptomlarla daha çox qarşılaşırdılar.

Bu, depressiyanın vegetarian pəhrizdən deyil, onun qeyri-sağlam variasiyalarından qaynaqlandığını göstərə bilər.