20 Aprel 2024

BMT Ukraynadakı hərbi cinayətlərin araşdırılmasını müzakirə edəcək

Bazar ertəsi Cenevrədə BMT İnsan Hüquqları Şurasının illik sessiyası açılır, onun çərçivəsində Rusiyanın işğalı başlayandan bəri Ukrayna ərazisində törədilmiş hərbi cinayətlərin araşdırılmasının müzakirəsi planlaşdırılır.

Bu barədə AFP yazıb.

BMT Baş Assambleyasının Rusiyadan qoşunların dərhal qonşu ölkədən çıxarılmasını tələb edən qətnamənin səs çoxluğu ilə qəbul edilməsindən bir neçə gün sonra açılacaq iclasda Ukraynadakı müharibə mövzusunun üstünlük təşkil edəcəyi gözlənilir.

“Biz bu sessiyanın, BMT Baş Assambleyasının göstərdiyi kimi … dünyanın Ukrayna ilə çiyin-çiyinə olduğunu göstərməsini istəyirik”, – Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Saymon Menli sessiya ərəfəsində deyib.

Sessiya rekord müddətdə – 6 həftə davam edəcək. Açılışında BMT-nin Baş katibi Antoniu Quterreşin çıxış edəcək, bütövlükdə isə birinci həftədə ABŞ, Çin, Ukrayna və İrandan olan nümayəndələr də daxil olmaqla 150-yə yaxın dövlət və hökumət başçısının çıxış edəcəyi gözlənilir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun cümə axşamı çıxış edəcəyi nəzərdə tutulub. Ötən il Şuranın iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı nümayiş etdirilməyə başlayanda bir çox diplomat zalı tərk etmişdi.

“Biz hesab edirik ki, Rusiya bu zalda oturmağa layiq deyil. Biz müvafiq şəkildə hərəkət edəcəyik”, – Ukraynanın qurumdakı daimi nümayəndəsi Yevgeniya Filipenko vurğulayıb.//“Report”