BMT-də ifşa kimi sənəd – “Hayastan”ın fəaliyyətinə ölümcül zərbə
30 il ərzində Azərbaycan ərazilərində cinayətkarlıqla məşğul olan fond dünyanın “qara siyahısı”na salına bilər; BMT-də “əcəl zəngi” çalındı, beynəlxalq dəstək gələcəkmi?
44 günlük müharibədən sonra dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Ermənistanla savaş geridə qalsa da, dünya erməniçiliyi ilə informasiya müharibəsi hələ uzun illər davam edəcək. Diplomatik müstəvidə də mübarizənin yeni mərhələsi başlayıb və diplomatik hücum bir sıra hallarda effektiv nəticəni verir. Bu mənada Azərbaycanın hazırladığı “Ermənistan tərəfindən qeyri-kommersiya təşkilatları və xeyriyyə qurumlarından korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə edilməsi” adlı hesabatının BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılmasını çox ciddi hadisə kimi dəyərləndirmək lazımdır. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, hesabatda 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan hökuməti tərəfindən bir çox ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım adı altında, beynəlxalq maliyyə ödənişi sistemlərindən istifadə etməklə qanunsuz ianə toplanması kampaniyalarının təşkil edildiyi və həmin kampaniyalar çərçivəsində yığılan vəsaitin Azərbaycanın suveren əraziləri daxilində onun mülki əhalisinə qarşı terror fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə xərcləndiyi vurğulanır.
Ermənistanın dövlət rəsmilərinin bəyanatları və erməni ictimai mənbələrinin məlumatları əsasında hazırlanmış hesabatda təkcə Vətən müharibəsi dövründə 73 ölkədə yaşayan erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dollarından artıq vəsaitin toplandığı və bunun 110 milyon ABŞ dolları hissəsinin müharibə xərclərinin ödənilməsi məqsədilə Ermənistanın dövlət büdcəsinə köçürüldüyü qeyd edilir. Qeyd olunan fakt Ermənistan baş nazirinin 21 aprel 2021-ci il tarixində Ermənistan parlamenti qarşısında 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı çıxışında əksini tapıb.
Əksəriyyəti Ermənistanın siyasi rəhbərliyinin təmsil olunduğu “Hayastan All Armenian Fund” tərəfindən təşkil və idarə olunan bu cür ianə kampaniyaları Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra da davam etdirilməkdədir. Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş və onun ərazisinə qanunsuz maliyyə axını yaradan bu cür fəaliyyətlər Azərbaycanla yanaşı, müvafiq erməni diaspora təşkilatlarının qeydiyyatda olduğu ölkələrin milli qanunvericiliklərinin, eləcə də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mövcud olan beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır.
Bununla əlaqədar, Xarici İşlər Nazirliyi, bütün BMT üzv dövlətlərini öz ərazilərində qeydiyyatda olan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bu cür qanunsuz fəaliyyətlə məşğul olan qurumlara münasibətdə öz beynəlxalq öhdəlikləri çərçivəsində səmərəli əks tədbirlər görməyə çağırır.
Əslində “Hayastan”ın işğal zonasındakı on illərlə davam edən qanunsuz fəaliyyəti beynəlxalq müstəvidə çoxdan araşdırılmalı və müvafiq qiymət verilməli idi. Ancaq Azərbaycan torpaqlarının işğalı faktına biganə yanaşan beynəlxalq birlik bu məsələyə münasibətdə də ənənəvi mövqe sərgiləyib. Odur ki, rəsmi Bakının hərəkətə keçməsi, Qarabağda terrorçuluğu maliyyələşdirən təşkilatı ifşa etməsi əslində beynəlxalq əhəmiyyətli hadisədir. Araşdırılsa, bu təşkilatın digər ölkələrdəki qara əməlləri də üzə çıxarıla bilər.
Qeyd edək ki, “Hayastan” fondu 1992-ci ildə təsis edilib, guya ki, Ermənistanda və Qarabağda “ümummilli layihələrin həyata keçirilməsi, infrastrukturun inkişaf etdirilməsi” ilə məşğul olub. Amma ümumerməni fondunun dünya ölkələrində keçirilən kampaniyalar zamanı diləndiyi böyük miqdarda pulların Azərbaycan torpaqlarında bəslənən terror təşkilatları və narkotik biznesinə yönəldilməsi kimisə maraqlandırmayıb. Qarabağın od-alova bürünməsində “Krunk” təşkilatının oynadığı rolu sonrakı dönəmlərdə “Hayastan” oynamaqdadır, özü də beynəlxalq müstəvidə…
Maraqlısı budur ki, təşkilatın fəaliyyəti bir sıra hallarda hətta Ermənistanın özündə də şübhələrə səbəb olub. Hələ bir müddət öncə belə xəbər yayılmışdı ki, “Hayastan” fondunun fəaliyyəti beynəlxalq auditin nəticələrinə əsasən dayandırıla bilər. Qeyd olunurdu ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan baş nazir Nikol Paşinyanın Qarabağdakı müharibə zamanı fondun topladığı vəsaitin bir hissəsini israf etdiyini iddia edib. O zaman fonda müharibə zamanı təxminən 170 milyon ABŞ dolları toplandığını deyən keçmiş səfirin sözlərinə görə, baş nazir fondun icraçı direktoru Aykak Arşamyana yığılmış puldan dövlət büdcəsinə 52,7 milyard dram (104 milyon ABŞ dolları) köçürməsini tapşırıb. Arşamyan bu təlimatı 9 xüsusi qərar çərçivəsində yerinə yetirib. Bu qərarların heç biri fondun qəyyumlar şurasının üzvlərinə – Robert Köçəryana və Arkadi Qukasyana göndərilməyib, çünki ikincisi bu pulun büdcəyə hansı məqsədlə köçürüldüyünü soruşacaqdı. Minasyan əlavə edib ki, doqquz qərarın yeddisinin əsli naməlum səbəbdən yox olub. “Fondun pulları hökumətin hesablarına yatırıldıqdan sonra Ermənistan prezidenti və fondun qəyyumlar şurasının rəhbəri Armen Sarkisyan Arşamyana məktub göndərərək pulun dövlət büdcəsinə hansı məqsədlə köçürüldüyünü aydınlaşdırmağın lazım olduğunu söyləyib. Buna cavab olaraq, Arşamyan maliyyə nazirinə məktub yazır və o, baş nazirə göndərir. Paşinyan isə məktuba cavab vermir. Mövcud vəziyyət, fond üçün bir çox, hətta bağlanmasına gətirib çıxara biləcək problem yarada bilər. Bugünlərdə fond beynəlxalq hüquq pozuntularını aşkar edə biləcək beynəlxalq auditdən keçir” – diplomat bildirib. Minasyan onu da demişdi ki, ABŞ başda olmaqla, bir çox ölkələrdə diaspora fəaliyyəti ilə məşğul olan və fonda pul köçürən ermənilər çətinliklərlə üzləşə bilər: “Məsələ burasındadır ki, ABŞ-da fonda köçürdüyün vəsait qədər vergilərdən azad olunursan. Ancaq pulun başqa məqsədlər üçün xərcləndiyi ortaya çıxsa, ABŞ-dakı ermənilərin vergi orqanları ilə problemləri olacaq. Hazırda prezident Sarkisyan Paşinyandan pulu geri qaytarmasını tələb edib”.
Yeri gəlmişkən, elə bugünlərdə müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan Xocalıda və digər ərazilərimizdə qanunsuz olaraq hündürmərtəbəli binalar məhz “Hayastan”ın ayırdığı çirkli pullar hesabına tikilir.
“Hayastan” fondu Azərbaycanın rus sülhməramlılarının məsuliyyət zonasına aid ərazisində – Qarabağ şəhərlərində yol və yaşayış massivlərinin tikintisinə başladı.
Məlumata görə, tikinti əsasən Xankəndi, Əsgəran və Ağdərə rayonlarının ərazisində aparılır. Fondun direktor müavini Ararat Xlqatyan və “Qarabağın şəhərsalma naziri” Aram Sarkisyan tikinti işlərinin gedişi ilə yerində tanış olublar. Adıçəkilən ərazilər Azərbaycan torpaqları olduğundan, Azərbaycan dövlətinin icazəsi olmadan orada hər hansı tikintinin aparılması qeyri-qanunidir və bütün beynəlxalq konvensiyalarla ziddiyyət təşkil edir. “Hayastan” Azərbaycan ərazilərinin qanunsuz məskunlaşdırılması prosesində iştirak etməklə növbəti cinayətə yol verir. Bu mənada BMT müstəvisində onun ifşası mühüm əhəmiyyət kəsb edir.
Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında fikirlərini bölüşdü: “Bu hesabat bir daha onu göstərir ki, Ermənistan dövlət səviyyəsində terror və qətl siyasəti həyata keçirir. Təqdim olunan faktlar bu fikri bir daha təsdiq edir. Artıq bu faktlar BMT səviyyəsində də qəbul edilərək yayıldı. ”Hayastan All Armenian Fund” fondu illərdir Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi vəhşiliyi, barabarlığı, işğalı maliyyələşdirən əsas qurumlardan biridir. 30 ildir bu fond ayrı-ayrı ölkələrdə topladığı maliyyə yardımlarını Ermənistana ötürür”. Deputat qeyd etdi ki, artıq beynəlxalq müstəvidə bu fakt öz təsdiqini tapdı: “Növbəti mərhələdə isə hesabatdan bu cinayətlərin qarşısının alınması və durdurulmasına keçmə vaxtıdır. Bu fond hansı ölkədə fəaliyyət göstərirsə, həmin ölkədə onun fəaliyyəti qadağan olunmalıdır. Buna kifayət qədər hüquqi əsaslar var. Sənəddə açıq-aydın əksini tapıb ki, bu fond digər xalqlara qarşı həyata keçirilən cinayətlərin maliyyələşdirilməsi ilə məşğuldur. Belə fondun fəaliyyətinə göz yummaq özü də cinayətdir. Cinayətlə məşğul olduğu bilinən fondun fəaliyyətinə göz yumduqca bu cinayətlər davam edəcək. Yenə də müharibələr davam edəcək, yaşlı insanlar, qadın və uşaqlar yenə bu cinayətlərin qurbanlarına çevriləcək”.
C.Məmmədovun sözlərinə görə, bu, həm də Azərbaycanın növbəti diplomatik qələbəsi sayılmalıdır: “Hesab edirəm, xaricdəki səfirliklərimiz, diaspora təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə həmin sənədin daha geniş yayılması, eləcə də bu fondun cinayətləri barədə aktiv təbliğat aparmalı, həmin fondun fəaliyyətinin dayandırılması istiqamətində addımlar atmalıdırlar”.
Akif Nağı
QAT sədri Akif Nağı da bildirdi ki, bu sənəd bir çox cəhətlərinə görə birinci növbədə diplomatik təşəbbüskarlıq baxımından əhəmiyyətlidir: “Ermənilərin cinayətləri faktlarla sübut edilir. Bu faktların BMT-nin rəsmi sənədi kimi yayılması da onun təsirini bir daha artırır. Ermənilər dünyaya car çəkirlər ki, guya İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xarici qüvvələrdən, terrorçulardan istifadə edib. Göründüyü kimi, əslində bu cinayətkar əməllə erməni tərəfi məşğul olub. Diaspor təşkilatlarının o həcmdə pul toplaması, həmin pulların Ermənistanın dövlət büdcəsinə daxil edilməsini İrəvan hökuməti özü etiraf edib. Azərbaycan tərəfinin bu cür təşəbbüsləri obyektiv beynəlxalq ictimai rəyin formalaşdırılmasına hökmən yardım edəcək, ermənilərin terrorçu mahiyyətini bir daha nümayiş etdirəcəkdir”. A.Nağının sözlərinə görə, digər tərəfdən, Azərbaycan bununla dünya birliyinin diqqətini erməni diaspor təşkilatlarına, onların cinayətkar fəaliyyətinə yönəldir: “Qoy ayrı-ayrı dövlətlər onların ölkələrində fəaliyyət göstərən erməni diaspor təşkilatlarına bir daha nəzər salsınlar, ”məzlum quzu” cildinə girmiş bu toplumun nələrlə məşğul olduqlarına fikir versinlər”.
Beləliklə, “əcəl zəngi” BMT-də çalındı. Bu dəfə də Azərbaycan təkbaşına hərəkətə keçdi, dünyada terrorizmi və narkobiznesi çiçəkləndirən erməni fondunu ifşa istiqamətində ciddi addım atıldı.