Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik
Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu Bakının sülhməramlı niyyətindən xəbər verir.
Qlobal Bakı Forumu 2013-cü ildən Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Bu möhtəşəm beynəlxalq müzakirə platformasında dünyanın 70 ölkəsindən 350-dən çox nümayəndə iştirak edir. Onların arasında tanınmış siyasi, mədəniyyət, elm xadimləri var. Forumun işinə 80-dən çox sabiq prezident və Baş nazir qatılıb. “Vestnik Qafqaza” agentliyi Azərbaycan Liderinin “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb” fikirlərini önə çıxararaq, Fransanın regionda sülhün bərqərar olması prosesinə maneə törətdiyini vurğulayıb.
Prezident İlham Əliyevin Forumda çıxışına həsr olunmuş materialda, həmçinin bildirilir ki, rəsmi Bakı ermənilərin birtərəfli qaydada Qarabağa qayıtmaları ilə razılaşmır. Nə qədər ki, Makron erməni revanşizmini dəstəkləyir, Fransa vasitəçi statusuna namizəd ola bilməz və beləliklə, Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində iştirakı şansı azalır. Daha sonra dövlətimizin başçısının fikirlərinə istinadla qeyd olunub ki, Bakı İrəvanla sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub. Azərbaycan sülhün əldə olunmasını istəyir. Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib. Bu regionda düşmənçiliyə son qoymağın vaxtı çatıb.
Dövlətimizin başçısının Forumun açılış mərasimindəki çıxışı bir sıra dövlətlərin mətbuatının da diqqət mərkəzində olub. Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı Ukraynanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Qardaş Türkiyə mediasında da Prezident İlham Əliyevin Forumun açılış mərasimində söylədiyi fikirlərə geniş yer verilib. Anadolu Agentliyi, “TRT”, “Hürriyet”, “Haber Türk”, “Haber Global”, “Sondakika.com”, “Akşam” və bir sıra digər media qurumları dövlətimizin başçısının fikirləri əsasında informasiyalar hazırlayıblar.
Anadolu Agentliyində Azərbaycan Prezidentinin çıxışının geniş işıqlandırıldığı xəbərdə dövlətimizin başçısına istinadla qeyd edilib: “Sonuncu antiterror əməliyyatı zamanı bizim ağır texnika və zirehli maşınlar da daxil olmaqla məhv edilmiş və qənimət olaraq götürülmüş hərbi sursatların dəyəri bir milyard dollara yaxın olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı hərbi qənimətlər və məhv edilmiş texnikanın, sursatın dəyəri 5 milyard dollara yaxın idi”, “Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib”.
Eyni zamanda, Prezident İlham Əliyevin tədbir iştirakçılarına Fransanın Azərbaycana qarşı mövqeyi, sanksiya cəhdləri və Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə məlumat verdiyi bildirilib.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini