25 Dekabr 2024

Bir millət-iki dövlətin baş diplomatlarının qəfil görüşü – bağlı qapılar arxasında…

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edib. Rəsmi məlumatda bildirilir ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, nazirlər rəsmi görüşdən öncə bir yerdə Türkiyədə voleybol yarışmasını izləyiblər, onların yüksək əhval-ruhiyyədə olması yerli medianın diqqətindən yayınmayıb. Hələlik səfərin detalları barədə müfəssəl məlumat verilməsə də, şübhə doğurmur ki, anlaşmalara uyğun olaraq Bakı və Ankara növbəti dəfə hansısa məsələlərlə bağlı mövqeyini dəqiqləşdirir və uyğunlaşdırır. Düzdür, iki qardaş ölkənin liderləri, həmçinin müxtəlif nazirlər vaxtaşırı görüşürlər, elə “Texnofest” çərçivəsində son görüş ötən ay Bakıda reallaşdı. Amma bunun ardınca baş diplomatların bir araya gəlməsi, görünür, zərurətdən irəli gəlib.

“Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk”.  Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Prezident Kitabxanasının qurulmasının 30 illiyinə həsr edilən tədbirdə bildirib.  “Qardaş dövlətin brendinin ”Türkiye” olaraq dəyişdirilməsi ilə bağlı təbriklərimi çatdırıram. Bu brend qardaş ölkənin ən yaxşı şəkildə təqdim olunmasıdır. Bu il biz Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin bərpa edilməsinin 30 illiyini qeyd edirik. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Türkiyə olub. Əlaqələrimiz strateji müttəfiqlik səviyyəsinədək yüksəlib. Türkiyənin Azərbaycana beynəlxalq hüquqa əsaslanan dəstəyini yüksək qiymətləndiririk. Bu, 44 günlük Vətən müharibəsi zamanı da özünü göstərdi”, – XİN başçısı deyib.

“Azərbaycan Respublikası hər zaman qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin tam dəstəkləməsini, xüsusi olaraq, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra tam siyasi və mənəvi dəstəyini çox yüksək qiymətləndirir”- Bayramov deyib. O qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsinə ucalıb. XİN başçısı vurğulayıb ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

C.Bayramov bildirib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sülh və əmin-amanlığa xidmət edir. Nazir qeyd edib ki, nəhəng regional layihələr nəticəsində Azərbaycanla Türkiyə enerji və logistika mərkəzlərinə çevrilib. XİN rəhbəri bir daha vurğulayıb ki, Türkiyənin lider dövlətə çevrilməsi Azərbaycanda hər kəsi məmnun və xoşbəxt edir. C.Bayramov Türkiyə ilə Azərbaycanın birgə iştirak etdiyi layihələrdən də danışıb.

Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə regionda davamlı sülh üçün bir fürsət yaranıb. APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir qeyd edib ki, sülh fürsəti əldən verilməməlidir. Çavuşoğlu vurğulayıb ki, Türkiyə Azərbaycanın regionda sülhlə bağlı atdığı addımları dəstəkləyir. M.Çavuşolu qeyd edib ki, Mərkəzi Asiya və Cənubi Qafqazın rifahına dəstək vermək Türkiyənin xarici siyasətinin təməl prinsipidir. Nazir xatırladıb ki, iyunun 27-də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Nazir onu da diqqətə çatdırıb ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa ölkələrinin təbii qaz məsələsində daha az əziyyət çəkməsi üçün Türkiyə səylər göstərməyə çalışır. Onun sözlərinə görə, bu məsələdə Azərbaycan da üzərinə böyük bir məsuliyyət götürüb.

Müəyyən açıqlamalara rəğmən, iki qardaş ölkənin baş diplomatlarının görüşü ilə bağlı suallar da çoxdur. Xəbərin rəsmi hissəsindən başqa ortada nələr var, masada nələr olub, bağlı qapılar arasında söhbət hansı mövzular ətrafında gedib, hansı mövzular müzakirə edilib? Burada dominant hansı sahə olub: Qarabağ, yoxsa Ukrayna? Bu yerdə xatırladaq ki, C.Bayramovun Ankaraya dəvət edilməsi Rusiya XİN başçısı Lavrovun Türkiyəyə gözlənilən səfəri ərəfəsində reallaşdı. Maraqlıdır ki, Serbiyaya səfərini hava yolunun qapadılması səbəbindən reallaşdıra bilməyən Rusiya XİN rəhbəri Türkiyənin yürütdüyü siyasətlə bağlı ehtiyatlı danışıb. Keçirdiyi brifinqdə Lavrov deyib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyi Türkiyənin öz işidir. Düzdür, Lavrovun köməkçisi M.Zaxarovanın Türkiyənin Suriyada antiterror əməliyyatı həyata keçirməsinə verdiyi reaksiya yersizdir və istisna deyil ki, Lavrov səfəri ərəfəsində Ankaranın birbaşa təpkisinə məruz qalmaq istəməyib. Amma istisna deyil ki, Moskvanın Türkiyə və Azərbaycanla bağlı vaxtaşırı sərgilədiyi mövqelər də Bayramov-Çavuşoğlu görüşündə müzakirələr sırasına daxil olub.  

Bu yerdə bir daha qeyd edək ki, Türkiyə istər Qarabağ məsələsində, istərsə də Ukrayna savaşı kontekstində Rusiya və Azərbaycanla koordinasiyalı fəaliyyət içindədir. Ola bilsin Ukraynada sülhün əldə edilməsi masaya yatırılsın. O zaman digər suallar ortaya çıxır: kollektiv Qərb bu perspektivə necə yanaşar? Türkiyənin sülh prosesində aparıcı mövqeyə sahiblənməsi Qərbin maraqlarını təmin edir, ya təhdid?

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev: “Lavrov da Türkiyəyə gəlir və burada Qarabağ məsələsi, sərhədlər, taxılın Ukraynadan Türkiyə vasitəsilə daşınması kimi önəmli mövzular da var”

Deputat Arzu Nağıyev istisna etmir ki, diplomatlar bir sıra mühüm məsələləri müzakirə masasına çıxarıb: “Azərbaycan və Türkiyə xarici işlər nazirləri Qarabağ məsələsini, Ermənistan-Türkiyə sərhədinin açılmasını, Türkmənistanın da qoşulacağı görüşdə türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə nəqlini, kommunikasiyaların açılmasını müzakirə edib. Digər tərəfdən, Lavrov da Türkiyəyə gəlir və burada Qarabağ məsələsi, sərhədlər, taxılın Ukraynadan Türkiyə vasitəsilə daşınması kimi önəmli mövzular da var”.

Trollar özlərini iki formada göstərir” – Tural İsmayılov – Yenicag.Az

Tural İsmayılov: “Azərbaycan XİN rəhbərinin Türkiyə səfəri önəmli bir dövrə təsadüf edir”

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayilov bildirdi ki, Azərbaycan XİN başçısının Türkiyə səfəri iki ölkə rəhbərliyi arasındakı daimi və sıx təmasların davam etdirilməsidir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan və Tükiyə həm Şuşa Bəyannaməsi, həm də Bakı Bəyannaməsi ilə daim təmasda olmalıdırlar. İki ölkənin xarici siyasətinin mərkəzi sayılan XİN səviyyəsində müzakirə və görüşlərin davamlı olmağı da təbiidir. Həmçinin bir faktoru da nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə prezidentləri arasındakı dostluq XİN başçıları səviyyəsində də müşahidə edilir. Cənab İlham Əliyev və Ərdoğan arasında olan dostluq elə Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında da mövcuddur. Eyni zamanda Çavuşoğlunun Azərbaycan sevgisi də ayrıca qeyd edilməlidir”. T.İsmayılov qeyd etdi ki, bu dəfə Azərbaycan XİN rəhbərinin Türkiyə səfəri önəmli bir dövrə təsadüf edir: “Burada iki vacib komponent var. Birincisi, bu səfər çərçivəsində bir neçə gün öncə Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə işçi qrupların Moskvada görüşləri keçirilib. İkincisi isə Ceyhun Bayramovun bu səfəri ərəfəsində Lavrov da Türkiyəyə səfər edəcək və Türkiyə yaxın bir həftə ərzində xeyli sayda ölkənin XİN rəhbərlərini qəbul edəcək”. Politoloqun fkrincə, burada daha bir vacib məqam da var: “Türkiyə və Azərbaycan 3+3 formatının çevik şəkildə addımlar atmağını istəyir. Türkiyə təkcə Azərbaycan və Ermənistan arasındakı münasibətlər, Rusiya ilə gələcək əməkdaşlıq və Ukrayna böhranını deyil, 3+3-ün aktivləşdirilməyini də müzakirə edəcək. Masada bu formatın işləkliyi ətrafında konkret təkliflərin olacağını düşünürəm. Eyni zamanda Türkiyə ilə Rusiya arasında Ukrayna limanlarından ərzaq idxalının böhranlara qarşı effektivliyi ətrafında müzakirələr aparılacaq. Masada bu qərarın və növbəti Rusiya-Türkiyə anlaşmasının Azərbaycan və Türkiyənin ərzaq təhlükəsizliyində oynadığı önəmli rola da toxunulacaq. Bağlı qapılar arxasında Ukrayna ilə münasibətlərin normallaşmağında Türkiyə və hətta Azərbaycanın da moderatorluğunun imkanları təhlil ediləcək. Mənə elə gəlir ki, Türkiyə və Rusiya yaxınlaşmağına qarşı həmişə aqresiv yanaşan Qərb bu danışıqlardan narahatlıq keçirə bilər. Amma Türkiyənin öz dövlət maraqları var. Bu günə qədər də Qərbdən gələn təhdidləri yerindəcə zərərsizləşdirib”.

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

Akif Nağı: “Eyni vaxtda Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin Vaşinqtona səfəri də təsadüfi deyil”

QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi, bir sıra mövzuların, əsasən də Qarabağla bağlı məsələlərin dəqiqləşdirilməsi istiqamətində intensiv proseslər getdiyi müşahidə olunur: “Türkiyə prezidentinin Azərbaycana son səfəri, aydın mesajların verilməsi ümumi istiqamətləri müəyyənləşdirir. Detalların dəqiqləşdirilməsi üçün icra strukturlarının, o cümlədən xarici işlər nazirlərinin görüşlərinə ehtiyac var. Odur ki, Ceyhun Bayramovun səfəri bu məqsədə xidmət edir. Ermənistanda ikiqütbluk yaranıb, hakimiyyət Avropa İttifaqı və ABŞ-ın birgə planı əsasında hərəkət etməyə çalışır. Bu, hələlik Azərbaycanın maraqlarına cavab verir. Radikal müxalifət isə tamamilə əks mövqeni sərgiləyir, ortada olan razılaşmalara qarşı şıxır. Üstəlik, Qarabağdakı erməni terror qrupu İrəvandakı radikal müxalifətlə eyni mövqedən çıxış edir. Bu mürəkkəb şəraitdə Azərbaycanın Türkiyə ilə məsləhətləşmələrinə ehtiyac var. Ona görə də Ceyhun Bayramovun səfəri zamanı bu məsələlərin müzakirsinə daha çox yer ayrılacaq”. A.Nağının fikrincə, eyni vaxtda Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin Vaşinqtona səfəri də təsadüfi deyil: “Orada da bu mürəkkəb vəziyyətlə bağlı müzakirələrin aparılacağı gözlənilir. Digər tərəfdən, Rusiya xarici işlər naziri Lavrovun da Ankaraya səfəri diqqəti cəlb edir. Təbii ki, onun iştirakı ilə Qarabağda vəziyyət də müzakirə olunacaq, bəzi məsələlərə aydınlıq gətiriləcək. Amma Lavrovun səfər öncəsi açıqlamalarında Ukrayna ilə, o cümlədən taxılla bağlı məsələlər önə çəkilir. Ukrayna sülhdən hələ uzaqdır, yəqin ki, ilk növbədə Ukrayna taxılının nəqli müzakirə olunacaq. Bu məsələdə də Azərbaycanın iştirakı əhəmiyyətli ola bilər”.