27 İyul 2024

Bir gün gülə-gülə qayıdacaqdır, ağlaya-ağlaya köçən Kəlbəcər!

25 noyabr – Kəlbəcər şəhəri günü

Bu sözlər həssas, kövrək, eyni zamanda vətənpərvər ruhlu, kəlbəcərlilərin 27 illik kədərinin, nisgilinin bir ümidli sədası oldu.
Təbiəti zəngin, torpağı min bir nemətli, bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı sağaldaraq həyata qaytaran dirlik suyu adlandırılan, İstisuyun vətəni
Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər, ərazisi isə 3054 kv. km. idi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.
Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunun ərazisini başdan-başa gülüstan adlandırmaq olar. Otuz mindən artıq bulağı olan, ilin bütün dövrlərində, hər çeşmə başında qonağı olan Kəlbəcər rayonu təbiətin muzeyidir.
İşğal nəticəsində rayon mərkəzi, kəndləri, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.
Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti, 27 il sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən bir güllə atılmadan Azərbaycana təhvil verilməsi isə əsrin ən parlaq qələbəsi idi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini  dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulmuş və mülki obyektlər dağıdılmışdır.
Və bu gün Kəlbəcərdə sürətli yenidənqurma işləri gedir. Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuş və çoxsaylı təməlqoyma və hazır olan obyektlərin açılış mərasimlərində iştirak etmişdir. İşğaldan azad edilmiş hər bir ərazidə olduğu kimi Kəlbəcərdə də həyata keçirilən quruculuq işləri Prezident cənab İlham Əliyevin xüsusi nəzarətindədir.
Kəlbəcərə Böyük Qayıdışın növbəti ildən başlayacağı nəzərdə tutulub.
Kəlbəcər şəhərində  tikiləcək evlərə 2024-cü ildə ilk olaraq 5 000 nəfərdən artıq, kənd və qəsəbələrə isə 8 000-ə yaxın, ümumilikdə 13 000-ə yaxın insanın köçürülməsi planlaşdırılır.Təbii ki, bütün bunlar deməyə əsas verir ki, uzun illərdir yurd həsrəti ilə yaşayan kəlbəcərliləri öz doğma torpaqlarında daha firavan və rahat həyat şəraiti gözləyir.
Bu gün artıq Kəlbəcərlilər səbirsizliklə doğma yurdlarına qayıdacaqları günü gözləyirlər və o gün heç də uzaq deyil.

Şəmsiyyə Abbaszadə – Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi