27 İyul 2024

Fransanın destruktiv rolu Qafqazda sülhü əngəlləyən faktora çevrilib

“Biz Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib”.

Bu fikri Azərbaycan prezidenti İlham Əliyev Bakıda İraq Respublikasının dövlət başçısı Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.

Bunun səbəbinin ermənilərə pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsi olduğunu qeyd edən dövlət başçısı bildirib: “Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə”.

Lakin hazırda Ermənistanın davranışları, Fransanın destruktiv rolu Qafqazda sülhü əngəlləyən faktora çevrilib. Fransa dövləti uzun illərdir Azərbaycana qarşı fitnəkarlıq mövqeyindədir və bu hallar gündən-günə genişlənməkdə, güclənməkdədir. Ölkənin prezidenti Emmanuel Makron başda olmaqla Fransa parlamentinin əksər deputatları, siyasi dairələri, merləri açıq-aşkar dövlətimizə qarşı düşmənçilik siyasəti yürüdür. Bütün bunlarda əsas məqsəd təcavüzkar Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirmək, qarşıdurmanı kəskinləşdirmək, müharibəni alovlandırmaq, Cənubi Qafqazda təhlükəsizliyi sarsıtmaqdır. Bütün bu reallıqlar fonunda elə Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən kənarda saxlanması motivləri başadüşüləndir. İndilikdə bugünkü reallıq ondan ibarətdir ki, Fransa tam açıq, birmənalı şəkildə anti-Azərbaycan fəaliyyət göstərir, Ermənistanın yanında yer alır. Bu da regionda sülhə əngəl olur. Amma Azərbaycanın Ermənistanın, onun havadarı Fransanın nazı ilə oynamaq niyyəti yoxdur. Ermənistan da görməlidir ki, Fransanın olduğu yerdə sülh mümkün deyil. Çünki Fransa açıq-aşkar tərəf tutur və ədalətli sülhün olmasına imkan vermir. Belə vəziyyətdən ən çox zərər görən tərəf isə elə Ermənistan özü olacaq.

Azərbaycana qarşı atılan hər bir qərəzli addım Fransanın beynəlxalq siyasətdəki roluna və çəkisinə xələl gətirməklə nəticələnəcək. Artıq bəzi bölgələrdə öz nüfuzunu və hökmranlığını itirən Fransa Cənubi Qafqazda baş verən hadisələrə müdaxilə etməklə, bu bölgədə özünə növbəti dayaq nöqtəsi axtarır. Ermənilər isə tarixən böyük güclərin vassallığı altında yaşamağa öyrəniblər. Son iki yüz ili Rusiyanın forpostu kimi tanındıqdan sonra bu gün Fransanın Ermənistana ağalıq etməsini arzulayırlar. Amma bu, Qafqazda sülhə xələl gətirir və Azərbaycan buna imkan vermək niyyətində deyil.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi