27 İyul 2024

Bərdədə təntənəli Novruz bayramı şənliyi keçirildi

Heydər Əliyev adına park-bulvarda keçirilən Novruz bayramı şənliyində rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev başda olmaqla rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon sakinləri ümumilikdə 3 min nəfər iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevi və rayonun rəhbərlərini Dədə Qorqud və Bahar qızı Novruz Bayramının personajları kosa və keçəl ilə birgə qarşılamış və salamlamışlar.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və rayonun rəhbər işçiləri Novruz Bayramı ilə əlaqədar rayonun ümumtəhsil və musiqi məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin kollektivlərinin hazırladıqları sərgilər ilə tanış olmuş, gənc idmançıların idman proqramlarına, pəhləvanların və kəndirbazların nümunəvi çıxışlarına tamaşa etmiş, məktəblilərin ifasında bədii kompozisiyalar, həmçinin milli məişət və mətbəximizlə bağlı səhnələrlə tanış olmuşlar.
Tədbir iştirakçıları Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edib. Prezident İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıraraq özünün rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etdiyini və həmin ərazilərdə böyük coşqu ilə Novruz bayramının qeyd edildiyini vurğulayıb.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev meydanda Bayram tonqalını yandırmışdır.
Tədbir rayonun mədəniyyət işçilərinin, özfəaliyyət dərnəklərinin hazırladığı səhnəciklər və konsert proqramı ilə müşayiət olunmuşdur.