27 İyul 2024

“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir”.

Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri idealara sadiqliyimizi nümayiş etdirir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri müasir Azərbaycanın, ərazi bütövlüyümüzün, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu, canımız, qanımız olan müqəddəs bayrağımız bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə dalğalanır. Bayraq bizim ən dəyərli atributlarımızdandır. 100 ildən artıq tarixi olan bayrağımız millətçiliyimizdə, mənəviyyatımızda mühüm rol oynayır.
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun gücü və xalqımızın bayrağımıza olan sevgisi bu gün əldə olunan qələbələrdə mühüm rol oynayır. Bunun nəticəsidir ki, bu gün üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda zirvələrə yüksəldilir. Bu gün artıq qürur mənbəyimiz olan bayrağımız işğaldan azad edilmiş  Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda və bütün Qafqazın incisi, qədim mədəniyyət mərkəzi, Qarabağın mirvarisi olan Şuşa şəhərində  qürurla, vüqarla dalğalanır. Ulu öndərimiz demişdir: “Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayrağını görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avtomobilin üstündə Azərbaycan bayrağını, hansı bir yerə danışığa gedəndə Azərbaycan bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, vətənə, xalqa, dövlətə olan məhəbbət bərabər olsun”. “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq…uğrunda ölən varsa, vətəndir”… Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və azadlığın dərin hisslərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğrunda canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizləri bu bayraq altında birliyə, həmrəyliyə, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və yüksəlişi uğrunda mübarizəyə səsləyir.
Müstəqil Azərbaycanın yetişdirdiyi vətənpərvər gənclik bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək güclənmiş nizami ordunun düşmən üzərində qələbəsində iştirak edir. Azad edilmiş torpaqlarımızda qürurla Azərbaycan bayrağını dalğalandırır. Bu gün mənfur qonşularımızın işğal etdiyi müqəddəs torpaqlarımızın azad edilməsi dövlətimizin əldə etdiyi nailiyyətlərin, dövlət və ordu quruculuğu sahəsində görülən məqsədyönlü tədbirlərin, ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasətin, xalqımızın öz Prezidenti ətrafında sıx birləşməsinin nəticəsində həyata keçirilir.

Tofiqə Məmmədova – E. Kərimov adına 4 nömrəli tam orta məktəbin direktoru