04 Noyabr 2024

Bayrağımız əbədi olaraq Zəfər əzəməti ilə bütöv Azərbaycanımızda dalğalanacaq

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.

Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır.

Ulu Öndər Heydər Əliyev Dövlət bayrağımız haqqında danışarkən qeyd edirdi ki, kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, işğal olunmuş torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir. Ulu Öndərin bu fikirləri hər bir vətəndaş qarşısında böyük vəzifələr müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı üçrəngli bayaraq altında birləşdi və öz torpaqlarını işğaldan azad etdi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla, Zəfər coşqusu ilə dalğalanır.

Müəzffər Ali Baş Komandan, Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim bayrağımız qürur mənbəyimizdir. Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Ölkəmizdə 9 noyabr tarixinin Bayraq Günü kimi qeyd olunması da məhz Prezident İlham Əliyevin üçrəngli bayrağımıza verdiyi böyük dəyərin göstəricisidir. 

2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkəmizdə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Artıq xalqımız dördüncü ildir ki, Bayraq Gününü Zəfər sevinci ilə qeyd edir. Xalqımızın qürur mənbəyi olan üçrəngli bayrağımız əbədi olaraq Zəfər əzəməti ilə bütöv Azərbaycanımızda dalğalanacaq.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri