24 Dekabr 2024

Baş Prokurorluq icra başçısının müavini barədə məlumat yayıb

Xalidə Bayramova saxta peyvənd sənədi tələb edib

Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olan məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Media1.az-ın məlumatına görə Baş Prokurorluqdan AYNA-ya verilən açıqlamada bildirilib ki, Səbail rayon icra başçısının birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb etməsi araşdırma zamanı müəyyən edilib.

Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanununun 23-cü maddəsinə əsasən Səbail Rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilib.