27 İyul 2024

Azərbaycanın müstəqil siyasətinin uğurları

Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə malik olduğu imkanları dünyaya təqdim edir.  Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Dövlət başçısı İlham Əliyev digər çıxışlarında olduğu kimi, bu Zirvə görüşündə də Azərbaycanın müstəqil siyasətinin uğurlarından bəhs etdi. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizin təmin edilməsində əsasdır. Ölkəmizin son 20 ildə qazandığı iqtisadi uğurlar əsaslı şəkildə diqqətə çatdırıldı. Azərbaycanın keçdiyi inkişaf yolunun təhlili fonunda cənab İlham Əliyev belə bir reallığı da diqqətə çatdırdı ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. “Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb.  Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.

Bu gün Azərbaycan regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynamaqla, qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrilib: “Dövlət başçısı İlham Əliyevin çağırışlarında bu mühüm məqam əsas yer tutur ki, ədalət və beynəlxalq hüquq əsasdır, onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan tarixi Zəfərindən sonra qarşı tərəfə sülh təklifini etsə də hələ də Ermənistanın konkret addım atmadığı göz önündədir. Bəzi dünya güclərinin ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlətmələri vəziyyəti gərginləşdirir.  Azərbaycanın təşəbbüsü ilə keçirilən SPECA-nın Zirvə görüşündə imzalanan Bakı Bəyannaməsində qarşıdakı dövrün hədəfləri və onlara nail olmağın yolları açıqlanıb.

Aytən Məmmədli

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi