27 İyul 2024

Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət kursunun mühüm istiqamətlərindən biri ölkəmizin beynəlxalq əlaqələrinin şaxələndirilməsi məsələsidir. 25 il bundan öncə yaradılmış BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) da Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin inkişafına və genişlənməsinə xidmət edir. Təsadüfi deyil ki, noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev bu Sammiti cari ilin sentyabr ayının 14-də Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün məntiqi davamı kimi dəyərləndirmişdir. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. Qeyd edək ki, SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə və məhz Azərbaycanın təşəbbüsü ilə keçirilir. Həmçinin cənab Prezident İlham Əliyevin dəvətilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər ki, bu da yeni və daha geniş iqtisadi əməkdaşlıq formatının yaranmasına yol açacaq.

Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, SPECA-ya üzv dövlətlər son 25 ildə öz suverenliyini möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvü olmuş və iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrə çevrilmişlər. Bu ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. O cümlədən Azərbaycanın güclü iqtisadiyyatı ölkəmizə müstəqil xarici siyasət kursu həyata keçirmək imkanı yaradıb. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son bir neçə ildə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Nəticədə ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Məlumdur ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətlərində aparıcı yeri də məhz nəqliyyat və logistika sahəsi tutur. Bu gün həmin ölkələrdən Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları Azərbaycandan keçir. Xüsusilə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra Azərbaycanın bu sahədə imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Lakin buna paralel olaraq son illər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılır. Artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Həmçinin mehmanxana işi və turizm sahəsində önəmli sərmayə layihələri ilkin icra mərhələsindədir. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir.

Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Təbii ki, dost ölkələr olaraq SPECA-ya üzv dövlətlər də Azərbaycanın bu yönümündə fəaliyyətini diqqət və maraqla izləyirlər. Böyük bir ərazidə sıfırdan yeni şəhər və kəndlərin inşası əlbəttə ki, böyük resurslar tələb edən işdir. Cənab Prezident İlham Əliyev aparılan işlər barədə sammit iştirakçılarını məlumatlandıraraq bildirdi ki, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Artıq keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Bütün bunlar isə, ilk növbədə Azərbaycanın iqtisadi gücünün göstəricisidir.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi