27 İyul 2024

Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində əsas amildir

Prezidenti İlham Əliyev Yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Cənab Prezident müsahibəsində görülmüş işləri çox əhatəli formada təhlil etdi, Azərbaycan dövləti üçün prioritet olan sahələr üzrə qarşıda duran vəzifələrdən bəhs etdi və Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırdı. Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində əsas istiqamətlərdən biri də iqtisadi məsələlər və əhalinin sosial rifah halının yaxşılaşdırılmasının hər zaman diqqət mərkəzində saxlanılacağı ilə bağlı fikirləri oldu. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda qiymət artımı müşahidə olunur. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğu üçün biz də bu mənfi təsirə məruz qalmışıq. Dünyadakı bu böhranlı vəziyyəti xalqımız üçün yüngülləşdirmək məqsədilə sosial layihələr, sosial proqramlar həyata keçirilir.

Ölkə Prezidentinin 5 yanvar 2023-cü il tarixli Sərəncamı da əhalinin rifahının qorunması sahəsində ardıcıl, sistemli tədbirlərin davamı olmaqla, eyni zamanda, yalnız son beş ildə vətəndaş rifahının təminatı istiqamətində artıq 4-cü sosial islahat paketinin icrasına başlanmasını təmin edir. Müharibədən təzə çıxmış, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, aparılan sosial siyasət dəyişməz olaraq qalır. Cənab Prezident öz müsahibəsində enerji təhlükəsizliyi məsələlərindən bəhs rdərkən bildirmişdir ki, son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu, o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Lakin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, ola bilsin başqa məsələlər enerji təhlükəsizliyi məsələlərini geridə qoyub və Avropada gündəlikdə birinci yeri tutub. Bu, izahediləbiləndir. Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan çox ölkələr, o cümlədən, Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra Azərbaycan, o cümlədən, Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladı.

Artıq Avropa İttifaqı ilə enerji dialoqunun başlanmasına start verilib. Bu enerji dialoqu çərçivəsində təkcə təbii qaz yox, eyni zamanda, “yaşıl enerji” və “yaşıl hidrogen” də nəzərdə tutulub.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı