27 İyul 2024

Azərbaycan xalqı tarixi ədaləti və beynəlxalq qanunları özü bərpa etdi

İşğalçı Ermənistan 30 il ərzində doğma torpaqlarımızı işğal altında saxlamaqla bərabər, vaxtaşırı təxribatlar törətməkdən heç çəkinmədi. Mənfur düşmənin silahlı qüvvələri ölkəmizə qarşı təxribat törədərək, hərbi obyektləri, eyni zamanda, mülki əhalini hədəfə aldı. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. İllərlə davam edən danışıqlar təəssüf ki, heç bir nəticə vermədi.

Ordumuz beynəlxalq hüquqa əsaslanaraq, ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçməklə tarixi torpaqlarımızı yağılardan xilas etməyə başladı. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Ermənistan hərbi birləşmələrinin işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi.

Hər zaman danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan dövləti bütün bunlarla bərabər, dayanıqlı, güclü ordu yaradırdı. Ümummilli Liderin hakimiyyəti dövründə olduğu kimi, Ordu quruculuğu hər zaman Ali Baş Komandan İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Sözsüz ki, bütün bu illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Fəxrlə qeyd edə bilərəm ki, Ordunun döyüş qabiliyyəti möhkəmləndi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Eyni zamanda, ölkəmizdə hərbi sənaye kompleksinin yaradılması dövlətimizin hərbi qüdrətini artırdı. Bütün bu uğurların ən əsas və unudulmaz nəticəsini məhz, Böyük Zəfərlə bitən II Qarabağ müharibəsində gördük.

Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Şuşanı işğalçılardan azad edəndən sonra işğalçılar məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bundan sonra müzəffər ölkə kimi Ermənistan isə məğlub edilmiş ölkə kimi yaşayacaq.

2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini