27 İyul 2024

20 noyabr Ağdam şəhəri günüdür

27 illik həsrətdən sonra doğma Ağdamımızda Azərbaycanın Dövlət Bayrağı ucaldıldı, himni səsləndirildi. Cümə məscidində Azan oxundu, namaz qılındı. Bu anları gözləri dolmadan, qəlbi fərəh hissi ilə dolub-daşmadan izləmək yəqin ki mümkünsüzdür. Ancaq həm də Ağdamdan gələn görüntülər hər birimizin qəlbini parça-parça etdi. Çünki vaxtilə on minlərlə insanın yaşadığı, qaynar həyatın olduğu, Qarabağın ən görkəmli məkanlarından biri olan, müharibənin ağrı-acısından qaçarkən bir çoxlarının ümid, pənah yerinə çevrilən Ağdamda indi salamat bir bina, bir tikili qalmayıb. Erməni işğalçıları xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çevirdilər, şəhəri darmadağın etdilər. Şəhər sözün əsl mənasında “Ruhlar şəhəri”ndən fərqsizdir. Ancaq heç nəyə baxmayaraq bizlər ümid və qürur doluyuq. Çünki, biz bilirik və əminik ki, Ağdamın dünənkindən də parlaq sabahı hələ qabaqdadır.

Ağdamın Ordumuzun nəzarətinə keçməsindən cəmi 3 gün sonra- 23 noyabr tarixində bütün risklərə və təhlükələrə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində oldular. Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı və Ağdam məscidini ziyarət etdi. Ziyarəti zamanı Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı və birinci xanım Mehriban Əliyeva ilə birikdə məsciddə dua etdilər. Dövlətimizin başçısı Ağdam məscidinin qarşısında çıxış etdi. Çıxış bir çox maraqlı və vacib anlarla yaddaşlara həkk olundu. İlk olaraq, Azərbaycan xalqını, xüsusilə də ağdamlıları təbrik edən ölkə başçısı bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtdığımızı vurğuladı.

Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır.Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam rayonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.

Tağı İmamverdiyev YAP Ağstafa rayon təşkilatının məsləhətçisi