27 İyul 2024

Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır

Prezident İlham Əliyevin cari ilin 19 fevral tarixində Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd edilir ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər.

Prezident seçkilərindən sonra Prezident İlham Əliyevin ilk rəsmi səfəri qardaş Türkiyəyə olunmuşdur. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır.

Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı.

Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı.

Ləman Cəlilova

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru