AZƏRBAYCAN SOSİAL DÖVLƏTDİR VƏ ATILAN BÜTÜN ADDIMLAR BUNU TƏSDİQLƏYİR
Azərbaycanın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir dövlətimiz bu gün Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir. Ölkəmizdə ötən müddətdə iqtisadiyyat dinamik inkişaf edib, mühüm layihələr reallaşdırılıb, sosial problemlərin həlli – işsizliyin aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini yolunda önəmli tədbirlər həyata keçirilib. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur. Prezident İlham Əliyev deyib: “Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır”.
Ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir. Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar, parlament də daim ünsiyyətdə olmalıdır. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq.
Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövləti məhz Azərbaycandır. Bundan belə də, Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir!
YAP Ağstafa rayon təşkilatının sədri
Etibar Hacıyev