25 Aprel 2024

Avropanı qazla təhdid edən İran BÖHRAN içində

“Avropada sərt qış səbəbindən İranda idarələr bağlanır”

“Neft naziri Cavad Ovci daha əvvəl demişdi: “Bu il sərt qış gözlənilir, xüsusilə Avropada! İndi o, insanlara yalvarır ki, isti paltar geyinsinlər və evdə qalın pərdələrdən istifadə etsinlər!””

“Evlər və ofislər 35%, istehsalat müəssisələri isə 27% qaz istehlak edir. Zavodlarda və eletrik stansiyalarında problemlər yarana bilər. Havanın çirklənməsi real risk yaradır”.

İranda qazla bağlı ciddi böhran gözlənilir. “Twitter”in İran seqmentinin trendində bu gün ilk yerdə bu mövzudur. İstifadəçilərin bəziləri istehza ilə, bəziləri isə ciddi şəkildə hakimiyyəti tənqid edir:

“İran dünyada qaz ehtiyatlarına görə ikinci yerdədir, amma uğursuz siyasət ucbatından biz əziyyət çəkirik”.

Bu günlərdə İran və Türkiyə mətbuatında da bu barədə maraqlı məlumatlar dərc olunub. Məsələn, Türkiyənin “Botaş” dövlət şirkətinin məlumatına görə, 2023-cü il yanvarın 1-dən etibarən İran qazının Türkiyəyə tədarükü İranın qaz nəqli sistemində (GTS) nasazlıq səbəbindən planla müqayisədə 70% azalıb. Hesabatda qeyd olunur ki, İran tərəfi problemin həlli üzərində işləyir. “Botaş” əmin edir ki, qış mövsümündə ölkənin qaz təchizatına mənfi təsir göstərməmək üçün bütün tədbirləri görüb və əlavə ehtiyaclar yeraltı anbarlar hesabına ödəniləcək. İran qazı Türkiyənin qaz balansının 15%-dən çoxunu təmin edir. İran Türkiyəyə ildə təxminən 10 milyard kubmetr qaz tədarük edir.

Yerli mətbuatın yazdığına görə, qeyri-sabit hava şəraiti səbəbindən bir sıra əyalətlərdə idarələr bağlanıb, məktəblərdə tətil elan edilib. Bəzi qurumlarda iş saatı azaldılıb. Təxminən 840 dövlət, ictimai təşkilat binasına və mərkəzə mavi yanacağın verilişi dayandırılıb.

Vətəndaşlar, jurnalistlər ölkədə ciddi qaz çatışmazlığının yaranmasından narahatdırlar və bunu sosial media hesablarında ifadə edirlər.