28 Mart 2024

Altıncı çağırış Milli Məclis ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara öz töhfəsini verəcəkdir

Dövlət başçısı İlk növbədə, beşinci çağırış Milli Məclisin deputatlarına göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirib: “Beşinci çağırış Milli Məclis, onun deputatları, rəhbərliyi ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynamışlar, parlament tərəfindən qəbul edilmiş qanunlar bizim uğurlu inkişafımızın hüquqi bazasını gücləndirmişdir. Altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəkdir”.

Sonra Ölkə başçısı Fevralın 9-da keçirilmiş parlament seçkilərinin ölkəmizin həyatında önəmindən bəhs etdi: “Hər bir seçkilər önəmli hadisədir, bu seçkilərin xüsusiyyəti ondan ibarət idi ki, o, növbədənkənar seçkilər idi. Bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir. Hesab edirəm ki, seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilmişdir. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir”.

Prezident seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatların, müşahidəçilərin dəvət edildiyini və onların mütləq əksəriyyətinin seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirildiyini qeyd etdi. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir. Bunu bəyan edən beynəlxalq müşahidəçilər, əlbəttə ki, reallığı əks etdirir.

Dövlət başçısı Avropa İttifaqnın seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verdiyini vurğuladı. Avropa İttifaqı bəyan etmişdir ki, yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, əslində, seçkilərin tanınması deməkdir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyinə qaldıqda bu dəfə ciddi hadisə baş vermədiyi üçün onlar da məcbur olub öz məruzəsini müəyyən dərəcədə balanslaşdırılmış formada təqdim etsinlər. Biz çoxdan bilirik ki, onların məruzələri seçkilərdən əvvəl yazılır və harada yazılır.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı