18 Aprel 2024

Sahələrin inkişafına xidmət edən peşəkar qanunvericilik təşəbbüsü

Son illər ərzində ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar Azərbaycanın gələcək inkişafına xidmət edən mühüm amillərdəndir. Üç il öncə növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarət idi.

Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak etmiş və nəticədə çoxpartiyalı parlament formalaşmışdır. Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Verilmiş bu qiymət, əslində, seçkilərin tanınması demək idi.

10 mart 2020-ci il tarixdə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı cənab Prezident İlham Əliyev bildirmişdir ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bunun üçün də Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.

Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.

Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur.

Cənab Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı qanunverici orqan üçün bir fəaliyyət planı hesab edilməlidir. Beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmalı olduğunu bildirən ölkə başçısı Azərbaycana qarşı əsassız yanaşmaların olduğu, ittihamların irəli sürüldüyü təşkilatlarda mübariz olmağı, onların qarşısında yaxşı olmaq deyil, dövlət, xalq qarşısında yaxşı olmağın vacibliyini vurğulamışdır.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyi getdikcə möhkəmlənir, nüfuzu durmadan artır. Əlbəttə ki, bunu təmin edən ən başlıca amil Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi düşünülmüş, balanslı xarici siyasətdir. Məhz bu siyasətin sayəsində bu gün Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində ölkəmizin rolu və önəmi getdikcə artır. Məhz bu uğurlu siyasət Azərbaycanı təkcə regionun deyil, bütün Avrasiya məkanının aparıcı oyunçularından birinə çevirib.

Tamerlan Qaragözov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı