29 Mart 2024

AĞSTAFALI ŞƏHİDİMİZ ORXAN NOVRUZƏLİZADƏ DƏFN OLUNUB

Mayın 11-də Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatının qarşısını alarkən xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu Ağstafa rayon Vurğun qəsəbə qəbirstanlığında torpağa tapşırılıb.

İlk öncə şəhidimizin doğma evində vida mərasimi keçirilib. Şəhidimizlə vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edənlər şəhidimizin ailəsinə Allahdan səbr diləyiblər.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Orxan Novruzəlizadənin tabutu üzərindəki dövlət bayrağını şəhidin atasına təqdim edib.

Ailə üzvlərinin diqqətinə çatdırılıb ki, dövlətimiz tərəfindən hər zaman bütün lazımi dəstək göstəriləcəkdir.

Məlumat üçün bildiririk ki, Orxan Novruzəlizadə 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!