27 İyul 2024

Ağstafada Vətən müharibəsi şəhidi İmaməliyev Elvin Elsevər oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhid ailələri, qazilər, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Qırılı kənd qəbirstanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Məktəblilərin ifasında vətənpərvərlik haqqında və şəhidlərə həsr olunmuş şeirlər dinlənilib.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimiz Əmrahov Emin Əvəz oğlunun, Quliyev Təbriz İlqar oğlunun, Abdullayev Elgün Əmirxan oğlunun, Hüseynli Əliheydər Səlahəddin oğlunun, Sadıqov Samir Cəbrayıl oğlunun və Musayev Rəhman Elxan oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.

Daha sonra tədbir iştirakçıları şəhid Elvin İmaməliyevin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Elvin İmaməliyev Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının Gənclər Birliyinin sədri idi. O, 2020-ci ildə Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elvin İmaməliyev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.