27 İyul 2024

Vətən müharibəsində Qələbənin üçüncü ildönümü münasibətilə Bərdədə bayram tədbiri keçirilmişdir

Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili Fatma Yıldırım, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri və iştirakçıları, YAP Bərdə rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və kolllektivləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin üçüncü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. Bu il isə antiterror tədbirləri zamanı Azərbaycan öz suverenliyini bərpa etdi. Artıq bayrağımız Xankəndidə, Xocalıda, Qarabağın hər yerində dalğalanır.
Millət vəkili Fatma Yıldırım çıxış edərək 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilən torpaqlarımız azad olunub.
Tədbir Bərdə Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam etmişdir.