27 İyul 2024

Ağstafada Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri təşkil olunub

Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında təşkil olunan ümumrayon bayram tədbirində YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, RİH başçısı Seymur Orucov, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ərazisində yerləşən hərbi hissələrdən dəvət olunmuş əsgər və zabit heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək dahi rəhbərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir iştirakçıları parkın ərazisində qədim maddi-mədəni irsimizi ifadə edən eksponatlara, yerli özfəaliyyət dərnəklərinin üzvlərinin dövlətçiliyə, milli dəyərlərə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgilərə, uşaqların, məktəblilərin və incəsənət nümayəndələrinin təqdimatında çoxəsrlik Novruz adət ənənələrimizi ehtiva edən bahar qız, keçəl, kosa personajlarının iştirakı ilə milli rəqs, aşıq sənəti və digər folklor nümunələrindən ibarət ədəbi-bədii kompozisiyalara tamaşa ediblər. Səməni ətrafında bəzədilmiş xonçalardakı milli şirniyyatlar, eyni zamanda, qədim mətbəximizdən hazırlanan təamlar da izləyicilərə təklif olunub. Dama, güləş, əlbəyaxa döyüş üzrə idman klublarının nümunəvi çıxışları da rəğbətlə qarşılanıb.

Sonra Seymur Orucov Ağstafa rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Hüseyn Əzizoğlu ilə birlikdə bayram tonqalını alovlandırıblar.   

Mədəniyyət və incəsənət nümayəndələrinin Novruz bayramına həsr etdikləri geniş konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.