27 İyul 2024

Ağstafada Karate üzrə açıq rayon çempionatı keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə yeniyetmə və gənclər arasında Karate üzrə açıq rayon çempionatı keçirilib.

Çempionata Gəncə şəhərindən, Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarından ümumilikdə 82 nəfər yeniyetmə və gənc qoşulub.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev və veteran idmançı – SSRİ idman ustası Aydın Tağızadə çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. 2023-cü il tariximizdə böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” kimi qalacaqdır. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Respublikamızda silsilə tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərin məqsədi isə Ümummilli Liderin xalqımız üçün yerinə yetirdiyi misilsiz xidmətlərin gənc nəsillərə çatdırılmasıdır. Həmçinin natiqlər idmana, bədən tərbiyəsinə bağlı gənclərin yetişdirilməsi məqsədilə belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Daha sonra çempionata start verilib.

Gərgin mübarizə şəraitində keçən açıq rayon birinciliyində yüksək nəticə əldə etmiş yeniyetmə və gənclərə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Gənclər və İdman idarəsinin diplom və medalları təqdim olunub.