01 Mart 2024

ABŞ və İraq RAZILAŞDI – Koalisiya qüvvələri…

Bağdad və Vaşinqton qoşunların tədricən çıxarılması üçün vaxt cədvəlinin müəyyən edilməsi və hərbi koalisiyanın gələcəyi ilə bağlı danışıqlara başlamaq üçün komitə yaratmaq barədə razılığa gəliblər.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İraq hökuməti İŞİD-in məğlub edildiyini və ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın missiyasının başa çatdığını bəyan edir. Lakin koalisiya üzvləri ilə ikitərəfli əlaqələr, o cümlədən təlim və təchizat üzrə hərbi əməkdaşlıq qurmaq istəyir.

İraq həmçinin İranın dəstəklədiyi milis qüvvələrinin koalisiya bazalarına hücumları və ABŞ-ın cavab zərbələrinin artması səbəbindən koalisiyanın mövcudluğundan şikayətlənir.

Xatırladaq ki, İraqın baş naziri Məhəmməd əl-Sudani yanvarın əvvəlində beynəlxalq koalisiyanın hərbçilərini İraqı tərk etməyə çağırıb. 

O, beynəlxalq koalisiyanın ölkədə mövcudluğunun dayandırılmasını təşkil etmək üçün ikitərəfli komitənin yaradıldığını açıqlayıb:

“Komitə İraq hökumətinin vizyonuna uyğun olaraq koalisiya ölkələri ilə siyasi, iqtisadi, mədəni, təhlükəsizlik və hərbi səviyyələrdə ikitərəfli münasibətlərə keçidi təmin edir”.

Hərbi rəsmilər arasında aparılan danışıqlarda İraq təhlükəsizlik qüvvələrinin effektivliyi və üzləşdiyi təhlükələr qiymətləndiriləcək. Hər iki tərəf koalisiyanın nə qədər tez dağılacağını və gələcək ikitərəfli münasibətlərin necə olacağını müəyyən edəcək.

ABŞ və İraq rəsmiləri isə prosesin aylar çəkəcəyini, nəticənin qeyri-müəyyən olduğunu deyirlər.