20 İyul 2024

ABŞ Senatından Azərbaycan əleyhinə SƏNƏD

ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib.

Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur.

Sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir.

Qanun layihəsi Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edildikdən və ABŞ Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Sənədin müəllifləri senatorlar Robert Keysi, Harri Piters, Bill Kessidi, Cin Şeyhin, Con Kennedi, Co Rikets, Marko Rubio və Kris Van Hollendir.//APA