01 Mart 2024

ABŞ-ın bu ştatında 16 yaşdan kiçik uşaqlara sosial şəbəkə QADAĞASI

ABŞ-da Florida ştatının Nümayəndələr Palatası 16 yaşından kiçik uşaqların valideynlərinin icazəsindən asılı olmayaraq sosial şəbəkələrdən istifadəni qadağan edən qanun layihəsini qəbul edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, qanun layihəsi sosial media şirkətlərinə 16 yaşdan kiçik uşaqların hesablarını bağlamaq üçün sanksiyalar tətbiq edir.

Florida Nümayəndələr Palatası, Respublikaçı üzvlərinin təklif etdiyi, valideynlərin icazəsindən asılı olmayaraq, 16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini səsverməyə çıxarıb.

Qanun layihəsi 13 “xeyr” və 106 “hə” səs çoxluğu ilə qəbul edilib.

Hansı sosial media şirkətlərinin bu qadağalardan təsirlənəcəyi ilə bağlı heç bir siyahı olmasa da, “istifadəçi hərəkətlərini izləyən, uşaqların məzmun yükləməsinə və digər istifadəçilərlə əlaqə saxlamasına imkan verən və asılılıq yaradan məzmun ehtiva edən” bütün platformaların bu qadağaların əhatəsində olduğu bildirilib.

Qanun layihəsi sosial media şirkətlərindən 16 yaşından kiçik uşaqların istifadə etdiyi aşkarlanan hesabları bağlamağı tələb edir.

Sözügedən qanun layihəsinin qanuna çevrilməsi üçün Florida qubernatoru Ron DeSantisin təsdiqi tələb olunur.

“Facebook” və “Instagram” da daxil olmaqla bir çox sosial media platformasına ev sahibliyi edən “Meta” şirkəti tərəfindən edilən şərhdə Florida Nümayəndələr Palatasına bu mövzuda qadağa əvəzinə başqa bir həll tapmağa çağırılıb.