24 Dekabr 2024

ABŞ-ın Azərbaycandakı səfiri 907-ci düzəlişdən və ölkəmizin Ukraynaya dəstəyindən danışıb

“ABŞ Konqresinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qüvvədədir. Lakin bu, bizim Azərbaycana çox vacib təhlükəsizlik dəstəyi verməyimizə mane olmayıb. Biz bu sahədə Azərbaycana 100 milyon dollardan çox maliyyə dəstəyi vermişik. Bu vəsait daha çox Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyinə yönəldilib”.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger keçirdiyi brifinqdə bildirib.
Səfir vurğulayıb ki, 907-ci düzəlişlə bağlı yekun qərar ABŞ Konqresinə aiddir: “Ancaq mən optimistəm ki, Azərbaycan və Ermənistanın dayanıqlı sülhə nail olması imkanı – hansı ki, biz bu istiqamətdə irəliləyiş görürük – şərait yaradacaq ki, biz Cənubi Qafqaz ölkələri ilə münasibətlərimizi bütün miqyasda əhəmiyyətli dərəcədə nəzərdən keçirək”.

Li Litzenbergerin sözlərinə görə, ABŞ Azərbaycana monitorinq-skan sistemləri verib, Azərbaycanda sərhədçilərə və gömrük əməkdaşlarına təlimlər keçib ki, bu, əsasən, qaçaqmalçılıqla mübarizə sahəsinə aiddir.

Diplomat deyib ki, verilən bu dəstək nəticəsində əhəmiyyətli nəticələr əldə olunub: “Biz eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda təhlükəsizliklə bağlı dəstək vermişik. Bu, Xəzərdə Azərbaycanın enerji resursları ilə bağlı infrastrukturunun qorunmasına kömək edir. Bildiyiniz kimi, Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə İtaliyaya nəql olunur, bu ölkənin enerji resurslarının şaxələndirilməsində əhəmiyyətli rol oynayır”.

Səfir Li Litzenberqer Azərbaycanın bütün KİV-i Ukraynadakı hadisələrin balanslı və obyektiv mənzərəsini təqdim etdiyini də bildirib: “İctimaiyyətin hərtərəfli informasiya almaq, hadisələr haqqında real təsəvvür formalaşdırmaq imkanı var”. 

O həmçinin Rusiyanın əsassız təcavüzünə məruz qalan Ukrayna xalqına iqtisadi və humanitar dəstək göstərən Azərbaycan hökumətinin mövqeyini yüksək qiymətləndirib.