24 Dekabr 2024

Paşinyan Azərbaycanla sülh sazişi imzalamağı planlaşdırır: Artıq təxmini vaxt da məlumdur

İddialara görə, baş nazir Nikol Paşinyan bu məsələdə bütün əsas oyunçuların – Türkiyə, Azərbaycan və Rusiyanın tam dəstəyini ala bilib, hətta ABŞ, Fransa və Böyük Britaniyanın da susqun qalmasına nail olub: Erməni baş nazirin olduqca tələsdiyi iddia olunur və onun bu ilin sonuna qədər prosesi yekunlaşdırmağa can atdığı vurğulanır…

Ermənistan cəmiyyətində parçalanma meylləri dərinləşməkdə davam edir. Bundan sonra Ermənistanın gələcək taleyinin necə olacağı əsas müzakirə mövzusudur. Ancaq bu mövzuda gərgin mübahisələr olsa da, mövcud geopolitik şərtlər daxilində Ermənistanın “xilas modeli” ətrafında ortaq qənaət nəzərə çarpmır.

Əslində, Ermənistan üçün də ən böyük təhlükə məhz gələcəyi görmək probleminin mövcudluğudur. Belə vəziyyət yalnız cəmiyyətin parçalanmasına deyil, həm də sonradan həlledici xarakter daşıya biləcək zaman itkisinə də yol açır. Və belə davam edərsə, Ermənistan “xilas mideli” ətrafında müzakirələr öz əhəmiyyətini itirə, şans ümumiyyətlə, əldən qaçırıla bilər.

Hələlik, Ermənistanda aqressiv əhval-ruhiyyə daha ön planda yerləşmiş kimi görünür. İndi bu ölkənin gələcəyindən danışanlar Azərbaycan və Türkiyəni hədəfə almağa çalışırlar. Və bəzi siyasi qüvvələr ümumiyyətlə, Ermənistanın siyasi-ideoloji hədəflərinin dəyişməsinə əngəl törədəcək mövqedən çıxış etməyə üstünlük verirlər.

_AZpressAZ_0819545f17f5fb068efdbfd4f_o.jpg (43 KB)

Əslində, Ermənistanın Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdan başqa alternativ çıxış yolu qalmayıb. Yalnız bu iki qonşu dövlətlə nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi-ticari münasibətlərin qurulması Ermənistanı tam iflasdan yayındıra bilər. Ardınca isə tədricən yeni inkişaf perspektivləri qazandırar.

Ermənistanda bu reallığı artıq hər kəs anlayır. Ancaq bununla razılaşmaq istəməyənlərin erməni cəmiyyətinə təsiri hələ çox güclüdür. Bu kateqoriyadan olanlar şüurlu şəkildə Ermənistanın blokada və qonşu dövlətlərlə düşmənçilik şəraitində qalmasında maraqlıdırlar.

Məsələ ondadır ki, bu mövqedə olanların “siyasi biznesi” məhz türk düşmənliyinə bağlı qondarma “erməni xəyalları” üzərində qurulub. Ermənistanın Azərbaycan və Türkiyə ilə normal münasibətlər quracağı təqdirdə, siyasi səhnədə qala bilməyəcəklərini özləri də dəqiq bilirlər. Ona görə də, hələlik imkanları daxilində yeni siyasi proseslərə müqavimət göstərməyə çalışırlar.

Ancaq bütün müqavimət cəhdlərinə baxmayaraq, yeni geopolitik şərtlərin öz tələbləri var və onları dəyişmək artıq mümkün deyil. Rəsmi İrəvan əslində, bu reallığı artıq çoxdan qəbul edib. Və bu istiqamətdə müəyyən addımlar atmağa həvəsli olduğu diqqətdən yayınmır.

Halbuki Paşinyan hakimiyyətinin siyasi mövqeləri çox zəif olduğundan qətiyyətli davranmaqda çətinlik çəkir. Hətta bəzi hallarda siyasi rəqiblərin köhnə və mənasız iddialarına uyğunlaşmaq məcburiyyətində qalır.

43-1606893777.jpg (24 KB)

Xüsusilə də, növbədənkənar parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyə əleyhinə bəyanatlar verməyi üstün tutur. Hər halda, seçici səslərinə olan ehtiyac buna məcbur edir. Və əslində, Paşinyan hakimiyyətinin Azərbaycan əleyhinə bütün siyasi açıqlamalarının məhz daxili auditoriyaya hesablandığı qətiyyən şübhə doğurmur.

Bütün bunlara baxmayaraq, Paşinyan hakimiyyəti bəzi incə məqamları aktual saxlamağı da qətiyyən unutmur. Məsələn, baş nazir Nikol Paşinyan Azərbaycan və Türkiyə əleyhinə açıqlamalarında yeni geopolitik şərtlərə də eyham vurur. Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxmağın vaxtı çatdığını vurğulayır. Normal münasibətlərin qurulmasının vacib olduğunu, Ermənistan iqtisadiyyatının inkişafı üçün buna ehtiyac yarandığını qeyd edir.

Maraqlıdır ki, Ermənistan prezidenti Armen Sarkisyan da təxminən eyni taktikaya üstünlük verir. Erməni prezident Tiflisdə Azərbaycan və Türkiyə əleyhinə bir xeyli deyindi. Ancaq bütün bunlarla yanaşı, Ermənistanın Azərbaycan, Türkiyə, Gürcüstan və Rusiya ilə inkişaf etmiş diplomatik və iqtisadi münasibətlərə ehtiyacı olduğunu dilə gətirdi. Yəni, həm prezident A.Sarkisyan, həm də baş nazir Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini müxtəlif fikirlərin içərisində gizlədərək, Ermənistan cəmiyyətinə təbliğ etməyə çalışırlar.

Keçmiş prezident Robert Köçəryanın bir müddət öncə “Ermənistan ordusunun indiki vəziyyətində revanş barədə düşünmək mənasız görünür” deməsi də bu prosesin geriyədönməz xarakter daşıdığını göstərir. Yəni, çox tezliklə Ermənistan cəmiyyəti də dinc qonşuluqdan başqa alternativ variantın olmadığını qəbul etməli olacaq.

ermenistan-da-nikol-pasinyan-yeniden-basbakan-3941087.jpg (148 KB)

Erməni şərqşünas Sergey Melkonyan isə Ermənistan hakimiyyətinin Azərbaycan və Türkiyə ilə dialoqa hazır olduğunu iddia edib. Onun fikrincə, əgər, bu, Ermənistanın məğlub dövlət statusunda baş verərsə, itkilər qaçılmaz olacaq: “Paşinyan hakimiyyətinin bütün açıqlamaları və mesajları Ermənistan cəmiyyətini buna hazırlamağa yönəlib”.

Ermənistanın Azərbaycan və Türkiyə ilə dialoq cəhdlərinə qarşı olan S.Melkonyan hesab edir ki, Paşinyan hakimiyyətinə indi nəyin bahasına olursa-olsun sülh lazımdır: “Anlaşma imzalamağa, Türkiyəyə qarşı bütün ərazi və digər iddialardan imtina etməyə belə, hazırdırlar”.

Erməni şərqşünas hesab edir ki, Ermənistan rəsmilərinin son vaxtlar regionun gələcəyindən hamıdan çox narahatlıq keçirməsi olduqca şübhəlidir: “Mehri dəhlizinin Ermənistanın maraqlarına cavab verdiyini iddia edən şəxslər ya sadəlövhdürlər, ya da başqalarının maraqlarına xidmət edirlər”.

Göründüyü kimi, Paşinyan hakimiyyətinin qarşıya qoyduğu hələlik qeyri-rəsmi hesab olunan hədəflər Ermənistanda bəzilərini ciddi şəkildə qıcıqlandırır. Ancaq belə bir hədəflərin olması artıq qətiyyən şübhə doğurmur. Və bu, Paşinyan hakimiyyəti üçün Ermənistanın xilas edilməsi ilə bağlı ən optimal model sayılır.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin Azərbaycan və Türkiyə ilə yeni anlaşmanın imzalanmasına hazırlaşdığını Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan da təsdiqləyir. Onun iddiasına görə, Paşinyan hakimiyyəti hazırda Azərbaycan ilə dostluq və əməkdaşlıq barədə müqavilənin hazırlanması ilə məşğuldur: “Bu, sadə insanların sülh müqaviləsi kimi anlaya biləcəyi bir sənəd olacaq”.

put-vnutr.jpg (41 KB)

Keçmiş erməni səfir iddia edir ki, müqavilə üzərində işlərin yekunlaşdırılması üçün baş nazir Nikol Paşinyana parlamentə tam nəzarət edə bilmək lazımdır: “N.Paşinyan parlament üzərində tam nəzarəti növbədənkənar seçkilər sayəsində ələ keçirə biləcəyinə ümid bəsləyir”.

M.Minasyan onu da vurğulayıb ki, baş nazir Nikol Paşinyan bu məsələdə bütün əsas oyunçuların – Türkiyə, Azərbaycan və Rusiyanın dəstəyini ala bilib: “Hətta ABŞ, Fransa və Böyük Britaniya da susqun qalmaqla, N.Paşinyana yardım edirlər. “Soros”un qloballaşma layihəsi də bu prosesin dəstəklənməsinə yönəldilib. Yəni, bütün xarici oyunçular Ermənistanın gələcək taleyini təhlükəyə atmaq hesabına regionun blokadadan çıxarılmasına razıdır və buna hazırdır”.

Göründüyü kimi, Ermənistanda müqavimət göstərməyə çalışanlar olsa da, Paşinyan hakimiyyəti konkret plan üzrə hərəkət edir. İndi baş nazir Nikol Paşinyanın qarşısında əsas hədəf növbədənkənar parlament seçkilərində qələbə qazanmaqdır. Əgər, buna nail ola bilərsə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ciddi şəkildə gündəmə gələ bilər. Və bu məsələdə xarici dəstəyin əhatə dairəsi erməni baş nazirin əlini daha da gücləndirməkdir.

Maraqlıdır ki, M.Minasyan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyi zamanla bağlı ehtimalını da qətiyyən gizlətmir. Onun fikrincə, əgər, baş nazir Nikol Paşinyan öz postunu qoruya bilərsə və parlamentə tam nəzarəti ələ keçirərsə, bu prosesə ən qısa zamanda start verməyə çalışacaq. Təxminən payız aylarında, ən uzağı ilin sonuna doğru bu məsələ reallaşmış olacaq.

Beləliklə, baş nazir Nikol Paşinyan Ermənistanı xilas etməyə çalışır. Ancaq ona bu məsələdə bütün vasitələr ilə əngəl törətməyə cəhd göstərirlər. Bu baxımdan, növbədənkənar parlament seçkiləri yalnız Paşinyan hakimiyyəti üçün deyil, ümumiyyətlə, Ermənistanın gələcək taleyi ilə bağlı həlledici faktora çevrilmiş kimi görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu