24 Dekabr 2024

Qarabağlı Novruzumuz mübarək!

Novruz xalqımızın ən qədim bayramlarından sayılır və bizim həyat tərzimiz, məişətimiz, adət-ənənə və inanclarımızın kökləri ilə bağlıdır. Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkmənistanda, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Tacikistanda xüsusi təntənə ilə qeyd olunur.

Novruz mərasimləri atəşpərəstlər, zərdüştlük dininə etiqad edənlər tərəfindən yayılsa da, İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb Xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı.Bununla bağlı olaraq da,ən əsası bizlər İmam Əlinin taxta çıxdığı günü Novruz bayramı kimi qeyd edirik.Biz bir xalq olaraq adət- ənənələrimizi, dəyərlərimizi qorumalı və bir vətəndaş olaraq bunları yetişən nəsillərə ötürməyə borcluyuq.

Baharın gəlişi ilə kainata yeni nəfəs, yeni can gəlir. Təbiət uzun yorğunluqdan, qışın şaxtasından, boranından sonra yenidən doğulur. Uşaqların gözlərinə bir başqa sevinc, üzlərinə bir başqa gülüş gəlir.Təəssüflər olsun ki, bəzi insanlar Novruzun qeyd edilməsini doğru sanmır, hətta bunu bidət adlandırır. Qədim inancların ideyaları bu bayramda öz əksini tapsa da, artıq bu bayram bizim üçün milliləşib.Biz həmin inanclara özümüzəməxsus şəkildə öz inancımızla doğru nəzər yetirsək yanlış düşündüyümüzün fərqinə vararıq. Novruz bayramının əsasını təşkil edən 4 ünsür:su, od, torpaq və yel – bunların hər biri kainatın, bəşərin varlığı deməkdir. Siz deyin su olmasa, bəşəriyyət olarmı? Torpaqdan qazanc əldə edən, torpaqdan yaranıb torpağa qayıdan insan torpaq olmasa, kainat torpaqsız olsa, nece olar? Hava olmasa nəfəs almaq olar mı? Od-Günəşin simvoludur. Od olmasa ocaqlarınız isti olarmı? Bu ünsürlərin hər biri həyat mənbəyidir. 2-ci bir tərəfdən insanlar gündəlik qayğıları, çətinlikləri ilə o qədər məşğuldur ki, bəlkə də aylarla, hətta illərlə yad edilməyən, qohum-əqrəbalar məhz bu bayramda bir-birlərini ziyarət edirlər.Dinimizə əsasən də elə bunun özü böyük savabdır. Bəli,bu bayramın birmənalı qarşılanmayan, xoşagəlməz tərəfləri ola bilər. Amma, bu səbəb minilliklər ərzində var olan, folklorumuzun qədimliyini özündə əks etdirən bir bayramın qeyd olunmasına xitam kimi göstərilə bilməz.

Müxtəlif təhsil ocaqlarında, məktəblərdə, baxçalarda təşkil olunmuş oyun- tamaşalar, tədbirlərdə uşaqların Novruz bayramının məşhur personajları olan Keçəl, Kosa, Bahar qızı rollarında çıxış etmələri həm özlərini, həm də onları seyr edənləri əyləndirir, şadlandırır. Təqiblərə məruz qalsa da,əsirlərdir sevgiylə qarşılanan bu bayram ən gözəl bayramlarımızdandır.

Bizi xalq olaraq sübut etdirən adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimizdir. Novruz birlik bayramıdır, xalq bayramıdır.Uca Yaradandan xalqıma daim sülh, mehribanlıq, əmin-amanlıq şəraitində neçe-neçe novruzlar qeyd etməyi diləyirəm. Allah Təala millətimizi, xalqımızı hər daim bəlalardan hifz eyləsin. Bütöv Azərbaycanım,bayramın mübarək olsun!

Qarabağlı Azərbaycan bayramın mübarək olsun!

Qarabağlı Novruzumuz mübarək!

Yurduma vüqarlı bir bahar gəlir

Yaz ətirli Novruzumuz mübarək!

Zəfərlə boyanıb bu bahar gəlir

Qarabağlı Novruzumuz mübarək!

Təbiət oyanır qış yuxusundan

Aləm məst olur çiçək qoxusundan

Xudayar avazıyla sökülür dan

Qarabağlı Novruzumuz mübarək!

Torpaq canlanır, ocaqlar qalanır

Uşaqlar sevincdən gülür, şadlanır

Quşlar dövrə vurur, hey qanadlanır

Qarabağlı Novruzumuz mübarək!

Əsmər Bayram qızı :pedaqoq, gənc yazar