24 Dekabr 2024

“O anaları fərqləndirmək üçün “Şəhid anası” fəxri döş nişanının təsis edilməsini təklif edirəm”

Novruz bayramı! Bayramların arasında ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır! Hətta sovet dönəmində, Novruz bayramı rəsmi qeyd olunmayan zamanlarda da bütün evlərdə bayram keçirilirdi. Mənim nənəm, anam, xalalarım paxlava, şəkərbura, şorqoğal bişirər, xonça bəzədərdilər. Bu il Novruz bayramı xüsusiliə təmtəraqlıdır. Biz erməni işğalı altında olan torpaqlarımızı azad eləmişik. Ancaq mən bu bayram günlərində üç min şəhid anasını yada salmaq istərdim.  Onların şəhid oğullarının şücaəti hesabına biz torpaqlarımızı erməni tapdağından azad etmişik. Mən “Şəhid anası” fəxri döş nişanının təsis edilməsini təklif edirəm. Vətənə layiqli övlad böyüdən anaları fərqləndirmək üçün. Qoy əsgər və zabitlər o anaları görəndə rəsmi şəkildə təzim eləsinlər. Bütün məmurlar günün istənilən vaxtı növbədən kənar şəhid analarını qəbul eləyib, onların bütün problemlərini həll eləsinlər. Dünyanın heç bir yerində belə  bir nişan yoxdur. Bu nişan ürəkləri paralanan analara verilən qiymət olacaq. Biz azərbaycanlılar dünyada ilk olaraq bunu edə bilərik. Heç bir qayğı, heç bir döş nişanı onların oğullarını geri qaytarmayacaq. Övlad itirmək hər bir ana  üçün bu fəlakətdir. Ancaq onlara döş nişanı təqdim eləmək bizim şəhid analarına olan qayğımızın, sonsuz minnətdarlıq hissimizin təzahürü olar. Qoy şəhid anaları hər dəqiqə bizim onlara olan diqqətimizi hiss eləsinlər. Hörmətli Prezidentimizin II Qarabağ Müharibəsinin qələbə ilə başa çatmasında əvəzsiz rolunu, şəhid ailələrinə qayğısını xüsusilə qeyd etmək istəyirəm. Bizim qələbəmiz ağlasığmayan bir möcüzə idi. Biz qələbəni  Prezidentimiz, rəşadətli ordumuz, döyüşlərdə öz canından keçən oğullarımız və onların analarının sayəsində qazandıq. Biz şəhid analarının qarşısında baş əyirik! 

Çingiz Abdullayev, Xalq yazıçısı