22 Noyabr 2024

Əbülfəz Elçibəy-85 – 62 illik ömrün əsas akkordu

Bu gün – iyunun 24-də Milli Azadlıq hərəkatının lideri, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin anadan olmasının 85 illiyi tamam olur. Bu münasibətlə Bakıda, Avropanın bir sıra şəhərlərində və sabiq prezidentin doğulduğu Kələki kəndində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bəs Elçibəy tarixdə hansı statusda qalacaq? 62 illik ömrün əsas akkordu nədir? Onun Azərbaycan xalqı qarşısında ən böyük xidməti nədən ibarətdir?

“Elçibəy İnstitutu” ictimai birliyinin icraçı direktoru Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 85 illiyi bu il müxtəlif tədbirlərlə qeyd olunur və bu gün də qeyd olunacaq: “Könül istərdi ki, daha təmtaraqlı qeyd olunsun. Çünki Əbülfəz Elçibəyin Azərbaycan tarixində mühüm rolu var. Əbülfəz Elçibəy tarixdə hansı statusda qalacaq, hansı xidmətləri ilə anılacaq? Əlbəttə, bu geniş bir mövzudur. Müxtəlif istiqamətlərdən bu məsələyə yanaşmaq olar. Amma ilk öncə qeyd etmək lazımdır ki, Əbülfəz Elçibəy Azərbaycan tarixində 1970-ci illərdə Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizə aparmış və bununla bağlı həbsə düşmüş bir dissident olaraq tarixdə qalacaq.

Oqtay Qasımov: “Güney Azərbaycanda repressiyaların artacağı gözlənilən idi”  • Aznews TV

Oqtay Qasımov: “Elçibəyin hakimiyyətdə olduğu dövrdə atdığı addımların və verdiyi qərarların Azərbaycan dövləti və xalqının gələcək inkişafında önəmli rolu oldu”

İkinci xidməti isə onun milli azadlıq hərəkatının lideri olmaq və bu hərəkatın yekunu olaraq Azərbaycanın müstəqilliyinin bərpa edilməsinə nail olmaqdır. Təbii ki, bu da tarixdə qeyd olunacaq. Üçüncü istiqamət onun ideoloji sahədə apardığı mübarizədir. Bizim milli kimliyimizin inkişafında və tanıdılmasında, bu ideologiyanın geniş əhali tərəfindən qəbul edilməsində Elçibəyin böyük xidmətləri var. Digər tərəfdən, Əbülfəz Elçibəy Bütöv Azərbaycan ideyasını siyasi müstəviyə daşıyan və onu ümumi təşkilat halına salan, bu istiqamətdə aparılacaq mübarizənin ideoloji əsaslarını özündə əks etdirən ideoloji-nəzəri bazanı hazırlayan bir lider olaraq tarixdə qalacaq. Bundan başqa, Əbülfəz Elçibəy Azərbaycan Prezidenti kimi fəaliyyət göstərdiyi 1 ildə gördüyü işlər var ki, bunlarla xatırlanacaq.

Onlardan birincisi Qərb neft şirkətləri ilə intensiv şəkildə müqavilələrin hazırlanması ilə bağlı aparılan müzakirələr və Azərbaycan Ordusunun 1992-ci ilin yayındakı uğurlu hərbi əməliyyatları nəticəsində Qarabağın əhəmiyyətli hissəsinin azad olunması, Goranboy rayonunun Ağcakənd bölgəsinin azad edilməsi oldu. Hakimiyyəti dövründə Azərbaycan milli valyutasının tədavülə buraxılması, Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbulda test üsulunun tətbiqinə başlaması ilə də Elçibəy xatırlanacaq. Eyni zamanda o, 200 il ərzində Azərbaycan ərazisində yerləşmiş 75 minlik rus ordusunun Azərbaycandan çıxarılmasına nail olub ki, bunlar böyük tarixi xidmətlərdir. Elçibəyin hakimiyyətdə olduğu dövrdə atdığı bu addımların, verdiyi qərarların Azərbaycan dövlətinin və xalqının gələcək inkişafında önəmli rolu oldu”.

Abutalıb Səmədov: Bundan sonra da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş  Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik

Abutalıb Səmədov: “Elçibəyi daha çox yüksək mənəvi keyfiyyətlərinə görə dəyərləndirirəm, Azərbaycan xalqının yaddaşında ilk növbədə bu cür də qalacaq”

Siyasi şərhçi Abutalıb Səmədov isə bildirdi ki, Əbülfəz Elçibəyə Azərbaycanda birmənalı münasibət yoxdur: “Onun haqqında danışan insanlar bir-birindən kəskin fərqlənən mövqelər sərgiləyirlər. Düşünürəm ki, bu fərqli münasibətlər bundan sonra da davam edəcək. Azərbaycan xalqı Əbülfəz Elçibəyi heç vaxt birmənalı qiymətləndirməyəcək. Onu böyük dövlət xadimi, xalqının axıra qədər başa düşmədiyi böyük siyasətçi, ideoloq kimi sayanlar da var, Elçibəyi siyasətdən uzaq, dövləti idarə etmək imkanına malik olmayan zəif siyasətçi sayanlar da var. Ancaq hər iki tərəf bir məsələdə eyni mövqeni tutur – Əbülfəz Elçibəy xalqını bütün qəlbi ilə sevən, onun xoş günləri üçün çalışan yüksək mənəviyyatlı, təmiz siyasətçi idi. Xalq hərəkatının aktiv iştirakçılarından biri kimi Azərbaycan üçün, Azərbaycan xalqı üçün əlindən gələni etməyə çalışdı. Mən də Əbülfəz Elçibəyi daha çox yüksək mənəvi keyfiyyətlərinə görə dəyərləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqının yaddaşında ilk növbədə bu cür qalacaq. Təmiz, halal, gözütox, xeyirxah, səmimi və siyasətdən uzaq adam kimi.

Onun 1 illik hakimiyyəti dövründə çox təəssüf ki, Azərbaycan dərin böhran içərisinə salındı. Buraxılan səhvlər 1993-cü ilin iyun hadisələrinə gətirib çıxardı ki, əgər böyük dövlət adamı Heydər Əliyev gəlməsəydi, Azərbaycanı bu vəziyyətdən çıxarmaq mümknüsüz olardı. Elçibəyin ən böyük xidmətlərindən biri də həmin dövrdə ən düzgün qərarı qəbul etməsi – Heydər Əliyevi dəvət etməsi oldu. O, artıq başa düşürdü ki, hakimiyyəti Surət Hüseynov və onun ətrafında olanlar ələ keçirir və Moskvanın istədiyi şəxsin hakimiyyətə gəlmək ehtimalı həddən artıq yüksəkdir. Bu adam Ayaz Mtəllibov da ola bilərdi, Surətin özü də ola bilərdi, başqa bir şəxsin də ortaya çıxmaq ehtimalı var idi. Azərbaycanın müstəqilliyinin qorunması üçün Əbülfəz Elçibəy və onun ətrafında olanlar Heydər Əliyevi dəvət elədilər. Onlar Heydər Əliyevin dövlətçiliyi axıra qədər qoruyacağına əminliklərini göstərdilər. Bunu sabiq baş nazir Pənah Hüseyn özünün məşhur “Cinayətimiz məğlubiyyətimizdir” adlı məqalələrində açıq şəkildə göstərib. Elçibəy təəssüf ki, ətrafındakılara çox güzəştlər eləyən, çox humanist davranan, onlara layiq olmadıqları etimadı göstərən bir insan idi. Bu isə sonda onun özünə zərər vururdu. Bəzən isə Elçibəy reallıqları nəzərə almayan kəskin fikirlər söyləyirdi. Bu da son nəticədə onun hakimiyyət ömrünün qısa olmasına gətirib çıxardı”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”