25 Fevral 2024

“Krediti və borcu olanlar qurban kəsə bilməz” – AÇIQLAMA

Qurban bayramı 28 iyun tarixinə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. Bəs kimlər qurban kəsə bilərlər?

Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü, din xadimi hacı Surxay Məmmədli Manset.az-a açıqlamasında bildirib ki, qurban kəsilməsi bəyənilən əməldir:

“İlk öncə onu qeyd edim ki, qurban sözü “Allaha yaxınlaşmaq” deməkdir.Bu bir fürsət ayıdır, sosial yardımlaşma deməkdir. Qurbanlıqda insanın Allaha olan bağlılığı ilə yanaşı, insanlara yanaşma metodologiyası və insanlara olan mərhəmətidir”.

İlahiyyatçı alim qeyd edib ki, krediti və borcu olan şəxslər qurban kəsə bilməz:

“Qurban kəsən adam zəngin, imkanlı şəxs olmalıdır. Ehtiyacı olan insan qurban kəsməkdən məhrumdur. Yəni bir insanın borcu, çətinliyi varsa onun qurban kəsməsi icazəli deyil. Məsələn, bir adamın borcu, krediti olduğu halda sadəcə göstəriş məqsədilə qurban alıb kəsirsə bu düzgün deyil.“Borc alıb qurban kəsim, mənim də qurban kəsdiyimi görsünlər” və s. bu kimi hallar icazəli deyil.Çünki qurbanlıqda Allahın rzası olmalıdır, görülən iş Allah xatirinə olmalıdır. Xüsusi olaraq qeyd edim ki, Məkkədə qurban kəsmək vacibdir. Bölgələrdə isə savabı çoxdur. Allahın Rəsulu (s) iki qurban kəsərmiş, bir qurbanı özü üçün “ikinci qurbanı nə üçün kəsirsən ey Allahın Rəsulu? deyəndə, o, “ehtiyacı olan insanların gözü qalmasın, ikinci kəsdiyim qurban möhtaclar üçündür” – deyə buyurub.Bu baxımdan qurban kəsən adam tək bir qurbanla məhdudlaşmamalıdır, əgər imkan varsa bir və ya bir neçə heyvan alıb kəsərək ehtiyacı olan insanlara paylamalıdır bu çox böyük savabdır”. 

Hacı Surxay deyib ki, qurbanlıq payı 3 hissədən ibarətdir:

“Bir pay insanın öz ailəsinə, ikinci pay qonşularına, üçüncü pay isə bacı və qardaşlarına aiddir. Əgər bir insan qurban kəsib ətin hamısını soyuducuya qoyursa, bu yanlışdır. Burada məqsəd paylaşmaqdır. Çalışdığımız qədər qurbanlığın günündə insanlar valideynləri ziyarət etməli, dünyadan köçübsə onlara dua oxumalı, ehtiyacı olan insanlara qurbanlıq aparmalıdır. Bütün bunlar bayramın əsas mahiyyətlərindən biridir”.