“10 manatlıq, xəstəlik dolu hostellərə getməkdənsə, hoteldə görüşsünlər” – ŞOK AÇIQLAMA
Xəbər verdiyimiz kimi, kulturoloq Aydın Xan Əbilov işlətdiyi fikirlərlə canlı yayımda qalmaqal yaradıb. “Ümid ilə gəl” verilişində ekspert qismində əyləşən kulturoloq qadınla kişinin hotelə getməsinin normal olduğunu bildirib. Onun bu fikri birmənalı qarşılanmayıb.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov Musavat.com-a bildirib ki, o, Azərbaycan cəmiyyəti üçün yeni bir fikir söyləməyib:
“Verilişdə əsaslandırdığım fikirlər var, çünki canlı efir idi, orada nəyinsə kəsilmə imkanı yox idi. Mən orada bildirdim ki, sivil dünyada qəbul edilmiş həyat tərzi Azərbaycana gəlib. Biz istəsək də, istəməsək də Azərbaycan cəmiyyəti artıq bunu qəbul edib. Nəzərə alsaq ki, azərbaycanlıların yalnız beşdə biri Azərbaycanda yaşayır, 50 milyondan çox azərbaycanlı isə dünyanın hər yerinə səpələnib, onlar çoxdan bu həyat tərzini götürüblər. Vaxtilə Azərbaycan mentalitetində nişanlanma mərasimi var idi. Bəzən bu dövr 3 ilə qədər davam edərdi. Qızla oğlan nişanlı dövrdə nikaha girmədən, kəbin kəsdirmədən bir-birinin evinə qonaq gedə bilərdilər. Doğrudur, o vaxtlar buna diqqət yetirilirdi ki, aralarında intim münasibət olmasın, amma hər halda bu, ictimai nikahın ilkin variantı idi.
Mən efirdə qadınla kişinin hotelə getməsinin normal olduğunu deyəndə digər ekspertlər öz etirazlarını bildirdilər. Aparıcı Tarix Əliyev (Tolik) nikahı olmayan kişi və qadının hotelə gedib istirahət etməsinə qəti etiraz etdi. Mən o zaman fikirlərimi əsaslandırdım, sitat da gətirdim ki, Azərbaycan Turizm Agentliyinin rəhbərliyi açıqlama verib – hotelə gedən şəxsdən şəxsiyyət vəsiqəsi və nikah kağızının tələb edilməsi qeyri-qanunidir. Mən dünyada olan sivil münasibətlərin, qadın-kişi münasibətlərinin Azərbaycana da gəlməsini təklif edirəm. Əgər onlar gizli şəkildə 10 manatlıq, səliqəsiz, xəstəlik dolu hostel otaqlarında, ayrıca kirayə verilən qeyri-qanuni otaqlarda, masaj salonlarında görüşürlərsə, niyə sivil formada hotellərdə və yaxud restoranlarda görüşməsinlər. Biz niyə insanlarımızı küncə sıxmalıyıq ki, onlar müxtəlif yerlər axtarsınlar. 21-ci əsrdir. Biz insanlara necə deyə bilərik ki, mənim istədiyim formada münasibət qur. Biz demokratik cəmiyyətdə yaşayırıqsa, dünyadakı aparıcı yaşam tərzləri Azərbaycanda da olmalıdır. İctimai münasibətdə olan bir qadınla bir kişinin hotelə getməsi tərbiyəsizlik deyil. O cür düşünənlər gerizəkalıdır. Hotel, restoran və əyləncə mərkəzləri ictimai yerlərdir. Əgər ictimai yer olmasaydılar, vergi verməzdilər. Hotelçiliklə bağlı Azərbaycanda çox böyük planlar var. 5, 7 ulduzlu hotellər kim üçündür? Əgər xaricilər üçündürsə, o zaman Azərbaycan əhalisi gedib xaricdə istirahət etsin. İstərdim ki, gələcəyə istiqamətlənmiş bir baxış sərgiləyək”.