“Güney Azərbaycanın taleyi ilə bağlı çox uyğun şərait yaranıb”- Mahmud Bilgin
“İranda gedən proseslər bizi ona yönəldir ki, Güney Azərbaycan məsələsini birinci faktora çevirək. Çünki indi Güney Azərbaycanın taleyi ilə bağlı çox önəmli və uyğun bir şərait yaranıb. Bu cür fürsətlər bəlkə yüz ildə bir dəfə olur. Bu baxımdan Bakıda, Vətənimin bir hissəsində olmaq, burada Güney Azərbaycan millətinin səsini yaymaq mənim üçün böyük iftixardır”.
Bu sözləri Musavat.com-a açıqlamasında Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin deyib. İsveçdə mühacir həyatı yaşayan Mahmud Bilgin qeyd edib ki, müharibədən sonra Bakıya gəlişində insanlar arasında qürur, milli mənlik hissinin daha da artmasını müşahidə etdiyini bildirib:
“Bir daha 44 günlük Vətən müharibəsində şəhid olan igidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayırıq. Bu müharibədə böyük qəhrəmanlıqlar yaşandı, millətimizdə Azərbaycançılıq və türkçülük şüuru daha da genişləndi, Azərbaycanın gələcəyi, hətta böyük Türküstanın yaranması üçün əlverişli şərait yarandı.
Əvvəllər millətimizin içində xırda məsələlər, daxili problemlər çox idi və Qarabağın həlli inanılmaz, xeyli dərəcədə zamana bağlı kimi görünürdü. Amma Azərbaycan cəmi 44 gün ərzində Qarabağ problemini həll etdi. İndi artıq insanlarımızda milli mənlik, azərbaycanlı olmağı ilə fəxr etmək, millətinin varlığına inanmaq, güvənmək kimi hisslər daha da artıb. Millətimiz anladı ki, olması mümkün olmayanları biz bacara bilirik və bununla qürur duyur.
Beləliklə, bu dəfə Bakıya gələndə insanlarımızda böyük bir qürur hissi, azərbaycançılıq gördüm. Bütün bunlar Güney Azərbaycana da öz təsirini göstərdi. Əgər 44 günlük Vətən müharibəsindən əvvəl Güney Azərbaycandakı millətçilik Quzeyə təsir edirdisə, indi Güney Quzey Azərbaycanın qəhrəmanlığından təsirlənir”.
Xalidə Gəray