25 Dekabr 2024

Ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir

“Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX  Qlobal Bakı Forumu öz işini başa çatdırdı.  Qlobal Bakı Forumlarının  hər zaman dünyanı narahat edən məsələlərə həsr olunduğunu nəzərə alsaq hazırkı dövrdə Foruma dünyada artan maraq iştirakçıların say tərkibində də özünü aydın şəkildə göstərir. Dünyanın 50-də artıq  ölkəsinin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri Foruma qatıldı və dövlət başçısı İlham Əliyevin yeni yanaşmalara ehtiyacın olması ilə bağlı çağırışlarına  münasibətlərini bildirdilər. Nəzərə alsaq ki, təhlükəsizlik tədbirləri bütün dövrlər üçün öz aktuallığını qoruyur,  bu halda postmünaqişə mərhələsinin  hədəflərinin nədən ibarət olduğunu geniş şərh etməyə ehtiyac duymuruq. Bu baxımdan ki, Azərbaycan daim regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılmasında maraqlı olduğunu bəyan edib və bunu atdığı addımlarında  təsdiqləyir. Hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi hər zaman regionun iqtisadi inkişafına maneə kimi dəyərləndirilirdi.

Dövlət başçısı İlham Əliyevin Forumda qeyd etdiyi kimi,  Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində  qalib gəldi. Müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi Azərbaycan sülh haqqında danışır. Sülh, əməkdaşlıq yaratmaq vaxtıdır.

Tarixi Zəfərimizin yaratdığı reallıqlar  yeni əməkdaşlıq formatlarının yaradılmasını diktə edir. Azərbaycan bu gün qalib ölkə olaraq  həmin əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir. Bütün hallarda sülh müqaviləsinin imzalanması qaçılmazdır. Ermənistan  verilən son şansdan yararlanmalıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Forumdakı nitqində Ermənistana bu sualları ünvanladı: “Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir? Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır. Hesab edirəm ki, Ermənistan hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq. Beləliklə, biz Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər?”

Otuz illik işğalın ağır nəticələri göz önündədir. İşğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinə şahidlik edirlər. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanıdıldı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü. Bu ərazilərə səfər edən xarici qonaqlar törədilən dağıntıları öz gözləri ilə görür, dövlət başçısı İlham Əliyevin hər zaman bildirdiyi kimi, bizim 30 ilə yaxın dövrdə necə vəhşi ilə üz-üzə dayandığımızın şahidi olurlar. Bu gün həmin ərazilərdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Azad Qarabağ, azad Şuşa beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə, eyni zamanda, ölkəmizin təşkilatçısı olduğu beynəlxalq tədbirlərə yekun vuran  məkana çevrilməklə bir daha Vətən müharibəsinin bizdə yaratdığı qürur hissini dünyaya bəyan edir. Məlum olduğu kimi,  IX Qlobal Bakı Forumunun iştirakçıları iyunun 19-da Qarabağ İqtisadi rayonuna – Füzuli və Şuşa şəhərlərinə səfər etdilər.  Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət etdilər. Forumun panel iclasının Qarabağın tacında keçirilməsi tədbirin əhəmiyyətini daha da artırdı.

Dövlət başçısı İlham Əliyevin Forumdakı nitqi ermənilərin 30 illik dövrdə ölkəmizin başına gətirdiklərinin və postmünaqişə dövrünün reallıqlarının uğurla həyata keçirilməsinə dünyanın yeni yanaşmalarının verəcəyi dəstəyin aydın mənzərəsini yaratdı. Müharibənin, həmçinin  ATƏT-in Minsk qrupunun vasitəçiliyinin  sona çatdığını bir daha diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı ki, uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki Azərbaycan  Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyir.

Təbii ki, atılan addımlar qarşılıqlı olmalıdır. Azərbaycanın sülh müqaviləsinin imzalanması istiqamətində göstərdiyi səylər göz önündədir. Ermənistan tərəfi də bölgədə sülhün, təhlükəsizliyin təmin olunması barədə ciddi düşünməli, konkret addımları ilə diqqətdə olmalıdır. 30 ildə qətnamələrin kağız üzərində qalmasına, onların  icrası  üçün vahid mexanizmin olmamasına görə Azərbaycanın yaşadıqlarını geniş şərh etməyə ehtiyac yoxdur.  Bu gün dəyişən dünyadan  regionda davamlı  sülhün və təhlükəsizliyin  təmin olunmasına dəstək gözləyirik. Sülh müqaviləsinin imzalanması istiqamətində səylərini artıran Avropa İttifaqının vasitəçiliyi yüksək dəyərləndirilir.    

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri