Sülhü tormozlayan “sualtı daşlar” – bütün variantlarda yollar Bakıya aparır!
Rusiya tərəfləri barışdırmaq yox, problemi idarə etmək kursuna qayıdır? Azərbaycan daha 30 il gözləməyəcək, çünki…
Ötən həftə Moskvada 6 aylıq fasilədən sonra Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun növbəti görüşü reallaşdı. Həmin görüşlə bağlı verilən kasad məlumata görə, tərəflərin mövqeyində müəyyən yaxınlaşma qeydə alınıb. O sırada Zəngəzur dəhlizindən keçəcək avtomobil yolu ilə bağlı fikir mübadiləsi aparılıb.
Ancaq əksər siyasi müşahidəçilərin fikrincə, “üçlü” formatda belə ləng dinamika kommunikasiyaların tam həcmdə açılması üçün açıq-aşkar kifayət deyil. Prosesin zəif irəliləməsi isə sözsüz ki, düzülən “sualtı daşlar”la birbaşa əlaqəlidir. Söhbət ən əvvəl Rusiyadan gedir.
Təəssüf ki, rəsmi Moskva hələ də Azərbaycan-Ermənistan arasında problemlərin tezliklə həllindən çox, 30 illik dönəmdəki kimi, onların idarə olunmasında maraqlıdır. Digər yandan, Ukraynaya qarşı hərbi təcavüz Rusiyanın bölgəmizdə daha ehtiyatlı hərəkət etməsini şərtləndirib. Kreml indi Bakı-İrəvan barışığında “kənar” oyunçuların, özəlliklə də Brüssel timsalında, Şarl Mişelin şəxsində Avropa İttifaqının vasitəçilik təşəbbüslərini sıfırlamağa səy edir, nəinki Bakı və İrəvan arasında sülh sazişi üçün əldən gedir. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın az öncəki qısqanc açıqlamasından da göründüyü kimi, Moskva öz “vasitəçilik” missiyasını, – həm də öz səmərəsizliyini isbatlamış bir missiyanı – kiminləsə bölüşməmək iddiası sərgiləyir.
Amma bölüşməli olacaq. İstənilən halda Azərbaycan daha 30 il gözləyən deyil. Çünki Bakı indi qalib və diktə edən tərəfdir. Üstəgəl, Ukrayna olayları fonunda nəinki Qərbin, elə Rusiyanın da yanında qardaş Türkiyə dayanan qalib Azərbaycana ciddi ehtiyacı yaranıb. Başqa sözlə, hansı sülh platforması olur-olsun, Bakı uduşlu mövqedədir, yetər ki, “buz yerindən tərpənsin…”
Bunu da qeyd edək ki, sərhədlərin delimitasiyası üzrə komissiyaların da ikinci birgə iclası Moskvada planlaşdırılır. Lakin hələ ki dəqiq tarix məlum deyil. Sərhəd məsələsi isə kommunikasiyaların açılması ilə müqayisədə daha qəliz proses sayılır. Məsələn, qarşıdakı Moskva görüşü haqda danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, politoloq Fərid Şəfiyev hesab edir ki, ciddi nəticə əldə etmək üçün beş-altı, bəlkə də daha çox görüş lazım olacaq.
“Bu, ikinci görüş olacaq. Gözlənti baxımından bu, uzun prosesdir. Təcrübəyə baxsaq, Rusiya ilə sərhədlərin müəyyən edilməsi prosesini 2010-cu ildə başa vurduq, proses 15 il davam edib. Gürcüstanla isə hələ də sərhədin 30 faizi müəyyən olunmayıb. Ona görə bu da gözlənti baxımından uzun proses olacaq. Lakin ölkəmiz üçün ilkin mərhələdə müəyyən prinsiplərlə bağlı razılığa gəlmək, xəritələr haqqında fikir mübadiləsi aparmaq və nəticə olaraq müəyyən bir xəritəni təsdiqləmək önəmlidir. Anklavlar haqqında da müvafiq qərarlar var. Təbii ki, onlar da müəyyən olunacaq. Sənədləşmə aparılmalıdır”, – ekspert vurğulayıb.
Fərid Şəfiyev
F.Şəfiyev qeyd edib ki, belə təmaslar mütəmadi olmalıdır: “İş davam etməlidir. Birinci mərhələdə müəyyən prinsiplər müəyyən ediləcək. Sonda isə onun əsasında sərhədlərin delimitasiya və demarkasiyası yerində həyata keçiriləcək. Doğrudur, Moskvada konkret nəticə əldə olunmayıb. Bunun üçün beş-altı, bəlkə də daha çox görüş lazım olacaq”.
Lakin prosesin məhsuldar olmasında çox şey yəqin ki, Moskvanın siyasi iradəsinə, daha dəqiqi, danışıqları onun nə dərəcə qəlizləşdirmək istəməsinə bağlıdır…
Bu arada Ermənistanda Rusiyaya bağlı radikal müxalifət Nikol Paşinyan hökumətinə təzyiqləri davam etdirir ki, bu da müstəsna olaraq barışıq prosesinin sürətli, yaxud normal getməsini arzulamayan Rusiyanın faktiki əlinə işləyir. Bir aydır davam edən bu etirazları elə Moskvanın təşkil elədiyi haqda artıq daşlaşmış rəy var.
Bu xüsusda “Suveren Ermənistan” partiyasının rəhbəri David Sanasaryan hesab edir ki, müxalif hərəkatın arxasında duranlar ölkədə xaos yaratmağa çalışacaqlar. Bu isə onun qənaətincə, Qazaxıstandakı kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Ermənistanın suveren ərazisinə soxulmasına gətirib çıxaracaq.
“Nəticədə biz dövlətçiliyimizi və suverenliyimizi itirəcəyik. Əvvəllər də deyirdim ki, onlar sülhün yaxınlaşdığını görəndə, özlərinin ”köhnəldiyini” anlayacaqlar və aqressiv davranışlara keçəcəklər. Bugünkü zorakılıqlar bunun əyani təsdiqinə çevrildi”, – erməni siyasətçi qeyd edib. O, həmçinin öz səlahiyyətləri çərçivəsində xaosun qarşısını alan, öz missiyasını anlayan, dövlətçilik bayrağını daşıyan polislərə təşəkkür edib. “Suverenliyi və demokratiyanı qorumaqla, başqa ölkələrin agentlərini siyasi meydandan təcrid etməklə dövlətin təhlükəsizliyini təmin etmək olar. Bu, bizim həll etməli olduğumuz böyük vəzifədir, – Sanasaryan deyib.
Qərbdən olan siyasi şərhçilər də Güney Qafqazla bağlı prosesləri maraqla izləyirlər. O sırada “Causeur” online jurnalında (Fransa) dərc olunan məqalənin müəllifinin fikrincə, sərhədlərin delimitasiyası ilə bağlı Ermənistan-Azərbaycan məsləhətləşmələrinin başlaması “ehtiyatlı nikbinliyə” əsas yaradır.
“Otuz il ərzində ”boz zona” kimi qalmış ərazilərlə birgə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini ilk dəfə bərpa etmək şansı var. Bundan əlavə, Cənubi Qafqazda nəqliyyat şəbəkəsinin işə salınması ilə bağlı razılıq əldə olunub”, – deyə jurnalın şərhçisi yazır.
Müəllifə görə, İlham Əliyevlə Paşinyanın may görüşü qəfildən heyrətamiz bir faktı üzə çıxarıb: “2-ci Qarabağ müharibəsi və Ukrayna münaqişəsi Cənubi Qafqazda çoxdan gözlənilən sülhün əldə olunması üçün əlverişli şərait yaradıb. Yəni Güney Qafqazda vəziyyətin normallaşması iki amansız silahlı konfliktin – 2020-ci ilin 44 günlük müharibəsi və Rusiyanın Ukraynadakı ”xüsusi əməliyyatı”nın qurbanlarına, qanına əsaslanır. 44 günlük müharibə Azərbaycana imkan verdi ki, nəinki Qarabağda və onun ətrafındakı ərazilərin əksəriyyətini geri qaytarsın müharibə eyni zamanda, hərbi, diplomatik və iqtisadi üstünlüyün kimin tərəfində olduğu sualına aydınlıq gətirdi. Bu da 2021-ci ilin sonunda iki ölkə liderləri arasında zirvə görüşünü labüd etdi”.
Bununla belə, ümumi mənzərənin “qeyri-müəyyənliyinə” diqqət edən “Causeur” şərhçisi iddia edib ki, Azərbaycan və Ermənistan arasındakı münaqişənin həlli cəhdləri xarici oyunçuların və qüvvələrin yerdəyişməsi, xüsusən də Avropa İttifaqının bu prosesdə iştirakı ilə xarakterizə olunur ki, bu da Cənubi Qafqazın hər iki ölkəsində müsbət qarşılanır: “Tərəflərin nəzərində Brüsselin iki mühüm üstünlüyü var – balaca ”qamçı” (xüsusən də nəzərə alsaq ki, nə Ermənistan, nə də Azərbaycan Avropa İttifaqı üzvlüyünə namizəd deyil) və böyük iqtisadi “kökə”. Beləliklə, balaca “qamçı” və böyük iqtisadi “kökə” ilə Brüssel böyük “qamçı” və bapbalaca “kökə” ilə Moskvadan qat-qat rahat və əlverişli vasitəçidir”, – deyə jurnal sonda vurğulayır.
Hərçənd Azərbaycan artıq kimsənin nə “qamçısı”ndan qorxub-çəkinən, nə də “kökə”sinə aldanan ölkə deyil. Ona görə ki, istənilən sülh formatında özünü ən rahat hiss edəcək yeganə tərəfdir. Səbəb bəlli: bütün yollar Bakıya aparır…