25 Dekabr 2024

Qarabağ müharibəsində “Pakistan muzdluları” yalanı yenidən dövriyyədə

Mirzoyanın Hindistan filmi kimi yalanları; ekspert: “Bizim Pakistandan aldığımız yalnız mənəvi və siyasi dəstəkdir”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Hindistanda rəsmi səfərdə olub. Səfər çərçivəsində keçirdiyi görüşlər zamanı ənənəvi olaraq Azərbaycanın ünvanına həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

A.Mirzoyan növbəti dəfə  yalan danışaraq heç bir tutarlı fakt ortaya qoymadan bəyan edib ki, İkinci Qarabağ müharibəsi zamanı Minsk Qrupunun həmsədr ölkələrinin kəşfiyyat orqanları pakistanlı muzdluların Azərbaycan tərəfindən döyüşdüyünü təsdiqləyib: “Bəli, belə bir məlumat var idi. Muzdluların əksəriyyəti Yaxın Şərqdən köçürülüb. Azərbaycan ”artsax”a qarşı müharibə zamanı Pakistan muzdluları tərəfindən dəstəklənib. Bunu ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin kəşfiyyat xidmətləri də təsdiqləyib”.

Məlumdur ki, müharibə günlərində Azərbaycanı qaralamaq məqsədilə ölkəmizə qarşı “muzdlular” kartından istifadə olunurdu. Hamımızın yaxşı xatirindədir ki, erməni KİV-ləri, bir sıra xarici media orqanları Azərbaycan tərəfindən guya suriyalı, pakistanlı  muzdluların döyüşlərə qatıldığını iddia edirdilər. Bundan əlavə, bu cür “feyk” iddialarla çıxış edən şəxslər sırasında Rusiyadan olan bəzi dövlət rəsmiləri də var idi. Lakin nə müharibə, nə də ondan sonrakı dövrdə Azərbaycana atılan bu böhtanları sübut edəcək heç bir fakt ortaya çıxmadı. 

Həmsədr ölkələrin kəşfiyyat xidmətlərinin guya belə bir  məlumat əldə edib yayması barədə Mirzoyanın dedikləri əlbəttə ki, növbəti erməni həyasızlığı, müharibədə acınacaqlı məğlubiyyətlərinə “izah” tapmaq cəhdləridir. Azərbaycan tərəfindən muzdluların cəlb edilməsi ilə bağlı davamlı olaraq tirajlanan  ittihamlar tamamilə əsassızdır. Amma  Qarabağ müharibəsində, xüsusilə Livandan Ermənistana muzdluların gətirilməsi təsdiqlənmiş faktdır. 

Xatırladaq ki, Azərbaycan 2000-ci ildən etibarən 1970-ci il dekabrın 4-də qəbul edilən “Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyaya qoşulub.

Mirzoyanın məhz Hindistana səfəri zamanı belə bir iddia ilə çıxış etməsi təsadüfi deyil.  Bəllidir ki,  Hindistanla Pakistan arasında Kəşmir problemi mövcuddur, Azərbaycan isə Kəşmir məsələsində dost Pakistanın maraqlarını dəstəkləyir. Bu baxımdan, Mirzoyanın məhz belə bir çıxış etməsi hindlilərə xoş görünmək məqsədi daşıyır. Ermənilər niyə bu yalanı yenidən gündəmə gətirirlər?

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədlinin bu məsələdəki mövqeyi belədir: “Artıq diplomatiyada özümüzü müdafiə deyil, hücum strategiyasını əsas yol kimi seçməliyik. II Qarabağ savaşında Livandan Ermənistan tərəfindən döyüşən ermənilər oldu. Muzdlu formada vuruşanlar da az olmadı. Rusiya-Ukrayna müharibəsi göstərdi ki, hər iki tərəfdə muzdlular döyüşür. Bunu açıq şəkildə rəsmi səviyyədə bildirdilər. Biz niyə bu məsələlərdən qaçmalıyıq? Təbii ki, Azərbaycan Ordusu torpaqlarını öz qəhrəmanlığı, şücaəti ilə azad edib. Ermənilər tərəfindən bu cür ittihamlar, şər-böhtan yağdırılanda cavabını gecikmədən verməliyik. Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, muzdluların hansısa bir tərəfdən vuruşması ayıb bilinmir. Onun üçün də belə mövzularda artıq müdafiə deyil, hücum yolunu tutmalıyıq. Hindistanda bu cür çıxışlar etmək təbii ki, onların xoşuna gəlmək üçündür. Pakistan və Hindistan müharibə şəraitində olan ölkələrdir. Aralarında Kəşmir kimi bir problem var. Ermənistan özünə yeni müttəfiqlər axtarır. Azərbaycan-Ermənistan münaqişəsində ermənilərə hər zaman Hindistan yaxın olub. Ermənilərə hansı ölkə yaxındırsa, Hindistan onlarla münasibət qurur. Bir sözlə, yeganə nüvə dövləti olan müsəlman Pakistanı həzm edə bilmirlər”.

Züriyə Qarayeva: Gürcüstanda hakimiyyət çətin vəziyyətdədir - KAFKASSAM -  Kafkasya Stratejik Araştırmalar Merkezi

 Züriyə Qarayeva 

Politoloq Züriyə Qarayeva Azərbaycanın yalnız siyasi dəstək aldığını söylədi: “Azərbaycan Ordusunun 44 günlük müharibədə düşmənə sarsıdıcı zərbə endirməsi və müharibənin qalibi olması əlbəttə ki, qarşı tərəfdə psixoloji travmalar yaşatmamış deyil. Bədxah düşmən hər zamankı kimi məğlubiyyət sindromunu Azərbaycana qara yaxaraq büruzə verir. İstər Pakistan muzdluları ilə bağlı, istərsə də digər məqamlarla bağlı dünyaya səs salmağa çalışdıqları ”fake” məlumatlar bizim üçün təəccüb doğurmur. Lakin bu kütlə qətiyyən anlamaq istəmir ki, istənilən iddianı sadəcə söyləmək deyil, həm də sübut etmək lazımdır. Qarabağın onlara məxsus olduğunu hansı “faktlarla sübut edə” biliblərsə, indi ordumuzun qüdrətinə kölgə salacaq iddialarını da eyni məzmunda “sübut edəcəklər”. Onlardan fərqli olaraq isə Azərbaycan kəşfiyyatında Ermənistan hakimiyyətinin Qarabağda kürd döyüşçülər üçün düşərgə qurması barədə konkret dəlillər var. Bizim Türkiyədən, Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir. Əgər hərbi əməkdaşlıq çərçivəsində aldığımız silahlar həmin ölkənin bizimlə vuruşduğu anlamına gəlirsə, o zaman ermənilərin bizdən fərqli olaraq “dilənərək” silah-sursat aldığı ölkələri də eyni şəkildə biz ittiham edə bilərik. Bunlar artıq bizim dövlətimiz üçün maraq kəsb etmir. Əsas nəticə ondan ibarətdir ki, Azərbaycan dövləti və ordusu heç bir beynəlxalq sənədin prinsipini pozmadan, əksinə, BMT Nizamnaməsinə, Cenevrə konvensiyalarına, Helsinki Yekun Aktına sadiq qalaraq öz ərazi bütövlüyünü təmin edib. Bundan sonra da həmin konvensiyaları əldə rəhbər tutaraq Ermənistanı öhdəliklərini icra etməyə vadar edəcək”.