23 Dekabr 2024

Uşaqların ürəkləri ilə çiçəklənən ŞUŞA

Azərbaycan Milli Xalça Muzeyində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə festival keçiriləcək

İyunun 1-də  saat 11:00-da Azərbaycan Milli Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  “Uşaqların ürəkləri ilə çiçəklənən Şuşa” adlı festival keçiriləcək. “Şuşa İli”nə həsr olunmuş festival Azərbaycan Milli Xalça Muzeyi və Vətən Müharibəsi qəhrəmanı Zaur Nudirəliyev adına 47 №-li tam orta məktəbin birgə əməkdaşlığı ilə baş tutacaq.

Festivalda ayrı-ayrı musiqi və rəqs qruplarının, yaradıcı kollektivlərin bir-birindən maraqlı ifaları təqdim ediləcək. Burada 47 №-li tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” və Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən səhnələşdirilən “Arşın mal alan” tamaşaları,  həmçinin “Uçan xalça” marionet teatr tamaşası nümayiş olunacaq.

Tədbirdə muzeyin Şuşa filialının məktəblilər arasında keçirdiyi “Şuşa qəhrəmanları” mövzusunda rəsm və inşa müsabiqəsi iştirakçılarının əl işləri sərgilənəcək, onların yazdıqları inşalar oxunacaq. Eyni zamanda, burada Bakı Modern Təhsil Kompleksinin şagirdlərinin əl işlərindən ibarət “Qarabağın təsviri – art obyekt” adlı sərgi keçiriləcək. Rəngarəng, zəngin proqramı olan festivalda uşaqlar üçün müxtəlif ustad dərsləri təqdim ediləcək.

Beləliklə, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü gözəl və səmərəli keçirmək, həm əylənmək, həm də milli dəyərlərimizlə, irsimizlə, mədəniyyətimizlə daha yaxından tanış olmaq istəyirsinizsə, bu möhtəşəm festivala mütləq qatılın!