22 Noyabr 2024

Azərbaycanlılar pullarının 56 faizini niyə ərzağa xərcləyir? – iqtisadçılardan ilginc rəylər

Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-mart ayları üzrə Azərbaycan əhalisinin istehlak xərcləri 11 milyard manat təşkil edib.

İstehlakçıların xərclədiyi vəsaitin 56,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 15,2 faizi toxuculuq məhsullarına, geyim və ayaqqabılara, 5,2 faizi avtomobil benzini və dizel yanacağına, 4,7 faizi elektrik malları və mebellərə, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,1 faizi kompüterlərə, telekommunikasiya avadanlıqlarına və çap məhsullarına, 14,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Rəsmi rəqəmlərdən belə aydın olur ki, azərbaycanlıların əsas xərci qida məhsullarına çıxır. Necə deyərlər, mədəmizə işləyirik. Bəs qida məhsullarına niyə bu qədər xərcləyirik? Digər ölkələrdə bu məsələ ilə bağlı göstəricilər necədir?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb:

“Xarici ölkələrdə ərzaq məhsullarına olan xərc ümumi gəlirlərin 12-20 faizi ilə müşahidə olunur. Yəni kommunal xidmətləri ilə birlikdə bu göstərici ay ərzində təqribən 20-25 faizi  keçmir.

Azərbaycanda isə istehlakçıların xərclədiyi vəsaitin 56,5 faizini ərzaq məhsullarına sərf etməsi yüksək göstəricidir. Əhalinin gəlirlərinin 25 faizdən çoxunu ərzağa xərcləməsinin dolanışığa mənfi təsir göstərməsi ilə bağlı Dünya  Bankı və Valyuta Fondunun tövsiyələri var. Yəni bildirilir ki, hökumətlər bunu nəzərə almalıdır. Bizdə isə bu norma iki dəfədən çoxdur. Hətta  kommunal xidmətləri də üzərinə gəlsək, göstərici 60-65 faizə qədər çatır ki, bu da çox yüksəkdir və əhalinin dolanışığının, maaşlarının çox aşağı səviyyədə olduğunu göstərir. Beləliklə, maaşlar və gəlirlər aşağı olduğu üçün əhali əlində olan vəsaiti daha çox ərzaq xərclərinə yönəldir. Bu da bir çox problemlər yaradır, o mənada ki, yığıma yönələn vəsait azalır, bundan başqa, insanın özünü inkişaf etdirməsinə, təhsil almasına, səyahət etməsinə, günün çağına uyğun tələblərə az vəsait  xərcləməsinə səbəb olur.

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli: “Əhali nə qədər ərzaq məhsullarına, kommunal xərclərinə çox vəsait ayırırsa, bir o qədər çox yoxsul sayılır”

Bir sözlə, əhali nə qədər ərzaq məhsullarına, kommunal xərclərinə çox vəsait ayırırsa, bir o qədər çox yoxsul sayılır. Azərbaycanda problem təkcə qiymətlərin, inflyasiyanın yüksək olması deyil, həm də gəlirlərin az olmasıdır”.

İqtisadçı Rəşad Həsənov isə qeyd etdi ki, ümumiyyətlə, son il yarım dövrdə ölkədə ərzaq məhsullarına xərclənən vəsait  50 faizdən aşağı düşmür:

“Burada əsas qiymətləndirmə parametri ondan ibarətdir ki, hansı ölkədə əhali öz gəlirlərinin əhəmiyyətli hissəsini daha çox ərzağa xərcləyirsə, həmin ölkədə demək ki, gəlirlər aşağıdır, yoxsulluq səviyyəsidir və yaxud inflyasiya sürətlənib.

Rəşad Həsənov: "Problemli kreditlərin həlli bank sisteminin  sağlamlaşdırılması üçün əhəmiyyətlidir" - YouTube

Rəşad Həsənov: “Azərbaycanda istehlakçıların ərzaq məhsullarına bu qədər vəsait sərf etməsi kifayət qədər düşündürücü haldır”

Son dövrlərdə dünya bazarında ərzaq məhsulları bahalaşıb, yerli istehsalın maya dəyəri artıb, son nəticədə ərzaq məhsulları üzrə inflyasiya sürətlənib. Digər tərəfdən, pandemiya və onun yaratdığı problemlər, həmçinin Rusiya Ukrayna konflikti və onun fonunda yaranan vəziyyət insanların gəlirlərini aşağı salır. Belə olan təqdirdə əhali məcburi xərcləmələrə üstünlük verir. Yəni əhali öz xərclərini müəyyən edərkən vaciblik parametrini əsas götürür.

Beləliklə, xərclərin əsas hissəsi daha çox hissəsi ərzaq, qida, gündəlik tələbatlara yönəlir. Digər məsələlər, təhsil, səhiyyə, əyləncə və sairə kimi məsələlər isə növbəti planda qalır.

Azərbaycanda istehlakçıların xərclədiyi vəsaitin 56,5 faizini ərzaq məhsullarına sərf etməsi kifayət qədər düşündürücü haldır. Doğrudur, ölkəmizdə bu göstərici 60-65 faiz olan zamanlar da olub. Lakin normal dövrlərdə göstərici 50 faizdən aşağı düşürdü”.

Ekspert digər ölkələrdə olan göstəricilərlə bağlı da danışıb:

“Deyə bilərəm ki, digər ölkələrdə də qeyd olunan göstərici artmağa başlayıb. Məsələn, Türkiyədə  vəziyyət daha acınacaqlıdır, Rusiyada son dövrlər bu istiqamətdə artıq ciddi şəkildə gərginləşmə müşahidə olunur – qiymətlər sürətlə artır, bu fonda gəlirlər artmır və inflyasiya ilə uzlaşmır, İranda da vəziyyət pisdir. Lakin inkişaf etmiş ölkələrdə böhran olmayan zamanlarda bu göstərici təxminən 20-25 ətrafında dəyişirdisə, indi bir sıra ölkələrdə göstəricinin 31 faizə qədər artdığı müşahidə olunur. Üçüncü dünya ölkələrində isə kommunal xərclərlə birlikdə göstərici hətta 80 faizə çatıb”.