Düzgün strategiya Azərbaycana dünyada böyük nüfuz qazandırıb
Ölkə rəhbərinin prezidentlik fəaliyyəti dövründə həyata keçirdiyi uğurlu daxili siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirib.Bununla bərabər,dövlətimizin başçısı xarici siyasət kursunu da varislik prinsipi üzərində qurub,müstəqil xarici siyasətə üstünlük verib,daim geosiyasi reallıqlara uyğun innovativ təkliflərlə çıxış edib. Milli dövlətçilik maraqlarının müdafiəsi zamanı həm ikitərəfli,həm də çoxtərəfli formatda reallaşdırdığı siyasəti hər zaman diqqət mərkəzində saxlayıb.Bu cür müstəqil xarici siyasət kursunun həyat keçirilməsi ilə əldə edilən uğurlar isə,hətta dünyada bir-birinə qarşı duran güclər tərəfindən də müsbət dəyərləndirilib.Ümumiyyətlə,Azərbaycan rəhbərinin xarici siyasətinin əsasını ikitərəfli münasibətlərdə bərabər hüquq,qarşılıqlı hörmət,bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri təşkil edib.Şübhəsiz ki,belə bir xəttə,mövqeyə əsaslanan müstəqil və qətiyyətli siyasət beynəlxalq güc mərkəzləri tərəfindən yüksək razılıqla qarşılanıb.
Prezident İlham Əliyevin 18 illik fəaliyyətinin bəzi məqamlarına diqqət yetirsək, bunu aydın görmək olar.Məsələn, ulu öndər Heydər Əliyevin müəllifi olduğu enerji təhlükəsizliyi siyasətinin reallaşdırıldığı sonrakı dövrdə müxtəlif obyektiv və subyektiv çətinliklərlə rastlaşılıb. Lakin dövlətimizin başçısın müdrik siyasəti ilə mövcud problemlər aradan qaldırılıb, bununla da Bakı–Tbilisi–Ceyhan, Bakı– Tbilisi–Ərzurum kimi nəhəng neft və qaz marşrutlarının gerçəkləşdirilməsinə nail olunub.
Burada bir məqamı da vurğulayaq ki,2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilib.
Neft strategiyasının uğurlu icrası nəticəsində əldə edilən vəsait hesabına regionlarda bütün köklü problemlər həll olunub, müasir infrastruktur formalaşdırılıb, əhalinin məşğulluq səviyyəsi yüksəldilib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda uğurlu enerji siyasəti ilə yanaşı, çox böyük nəqliyyat layihələri də icra olunub. Şərq–Qərb nəqliyyat marşrutu reallaşdırılıb. Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu işə salınıb. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti istiqamətində mühüm layihələr həyata keçirilib. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün tədbirlər uğurla yerinə yetirilib.
Ölkəmizin təşəbbüsü ilə inşa edilən BTQ dəmir yolu bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsi yaradıb, Azərbaycanın tərəfdaşları tərəfindən ötən müddətdə bu yoldan səmərəli istifadə edilib. Respublikamızın ərazisindən keçən yolların çoxşaxəli olması ölkəmizin imkanlarını böyük dərəcədə artırıb. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz yüksəlib.
Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan bu gün, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.
İşğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi,ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Bu hal Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi ölkəmizin iqtisadi və siyasi nüfuzunu daha da artıracaq.
Dövlətimizin başçısı çıxışlarının birində Zəngəzur dəhlizinin-Horadiz–Zəngilan–Ağbənd dəmir yolu istifadəyə veriləndən sonra bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsinə əminliyini ifadə edib. Eyni zamanda, bu dəmir yolunun digər nəqliyyat layihələrinin də reallaşdırilmasına mühüm təsir göstərəcəyini diqqətə çatdırıb: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.
Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları da Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin uğurla reallaşdırılacağına imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına və möhkəmlənməsinə də əsaslı təsir göstərəcək.
Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi bütün bu uğurlarla bağlı çıxışlarının birinə deyib: “Bütün bunlar əlbəttə ki, gördüyümüz işlərə verilən yüksək qiymətdir. Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir… Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq…”.
Azərbaycan son 18 ildə dünyanın üzləşdiyi fors-major vəziyyətlərdə belə yüksək idarəçilik mədəniyyəti nümayiş etdirib. Məsələn, 2019-cu ilin dekabr ayından başlanan və bu gün də sonu bilinməyən koronovirus pandemiyası qarşı ciddi mübarizə aparıb. Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu təhlükəli bəlaya qarşı mübarizədə həmrəylik, birlik çağırışları diqqət çəkib. Dövlətimizin başçısı koronovirus pandemiyasının doğurduğu çətinlikləri aradan qaldırmaq məqsədilə ardıcıl və sistemli addımların atılmasını gerçəkləşdirib. Bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də yüksək qiymətləndirilib.
Yeri gəlmişkən, Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin 10 aprel tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, həmin il mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVİD-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə həsr olunan video formatda zirvə görüşlərinin təşkili beynəlxalq səviyyədə xüsusi dəyərləndirilib.
Qoşulmama Hərəkatının bu dəhşətli xəstəliklə mübarizəyə həsr olunan zirvə görüşündə Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi məqsədilə BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü üzv dövlətlər tərəfindən razılıqla qarşılanıb. Nəticədə dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi-COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib. BMT Baş Məclisinin sayca 31-ci xüsusi sessiyasında həm milli səviyyədə, həm də Qoşulmama Hərəkatı adından çıxış edən dövlətimizin başçısı Azərbaycanın pandemiyaya qarşı mübarizə prosesinə müxtəlif səviyyələrdə töhfə verdiyini diqqətə yönəldərək, məlum təşəbbüsə qarşı çıxış edən yeganə dövlətin yenə də destruktiv davranışı ilə özünü artıq dünyada mənfur əməllər sahibi kimi tanıdan Ermənistan olduğunu bildirib.
Nəhayət, sonda bir məqamı da xatırlatmaq istərdik. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən İkinci Qarabağ müharibəsi başlananadək ötən 17 il ərzində Qarabağ zəfərinə uzanan yolda Azərbaycan qarşıya qoyduğu müqəddəs vəzifəni gerçəkləşdirmək üçün siyasi, iqtisadi, sosial sahələrdə son dərəcə ciddi layihələr həyata keçirdi. Dövlətimizin başçısının bu istiqamətdə reallaşdırdığı müdrik xarici siyasəti Ermənistanın işğalçı mövqeyi barədə dünya ictimaiyyətində aydın təsəvvür yaradıb, həmçinin xalqımızın birliyi, milli vəhdəti getdikcə daha da möhkəmlənib, bərabərlik, doğmalıq ruhu güclənib. Erməni faşizminin yaşatdığı ağrı-acılar, haqsızlıq, ədalətsizlik bütün dünyaya nümayiş etdirilib. Ən nüfuzlu, ən böyük dövlətlər tərəfindən Azərbaycanın mövqeləri ilə hesablaşılıb, ölkəmizin hansı mənfur qüvvə ilə üz-üzə qaldığı aydınlaşııb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu yeni mərhələyə daxil olub, Azərbaycan Ordusu dünyanın ən güclü silahlı qüvvələri sırasında qərarlaşıb. Bütün bunlar isə 44 günlük Vətən savaşında möhtəşəm qələbəmizi şərtləndirib.
Prezident İlham Əliyev müdrik siyasəti ilə parlaq qələbəmizə doğru uzanan bir yolda ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq təşkilatlar və bir çox digər nüfuzlu qurumlarla Azərbaycanın ədalətli mövqeyini dəstəkləmək üçün çox möhkəm beynəlxalq təməl yaratdı. Azərbaycan bu təmələ, həmçinin BMT-nin nizamnaməsinə əsaslanaraq, eyni zamanda, beynəlxalq hüquq çərçivəsində hərəkət edərək, əks-həmlə əməliyyatı ilə ötən il 44 günlük savaşla torpaqlarımızı düşməndən təmizlədi.
Vətən müharibəsindən sonra Qarabağda bərpa-quruculuq işlərinə başlanılıb. Ötən müddətdə enerji, kommunal xidmət obyektlərinin, nəqliyyat infrastrukturlarının inşası sürətlə davam etdirilib.Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması ilə Azərbaycan iqtisadiyyatı artıq bir neçə dəfədən çox böyüyüb,iqtisadiyyatın regional və sektorial strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların,o cümlədən,Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar üzə çıxarıb.
Cavid Mustafayev – Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.