23 Dekabr 2024

Altıncı çağırış Milli Məclisin çoxpartiyalı sistem əsasında formalaşması ölkəmizdə demoktariyanın inkişafında önəmli addım oldu

          Bildiyimiz kimi Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti 1995-ci ildən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Milli Məclis 125 deputatdan ibarət olmaqla hər çağırışının səlahiyyət müddəti 5 ildir.  Bir palatadan ibarət olan parlamentə 11 siyasi partiyanın təmsilçiləri seçilmişlər. 09 fevral  2020-ci il tarixində Milli Məclisin tarixində ilk dəfə növbədənkənar seçkilər keçirilmişdir.

           Yenilənmiş parlamentdə Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanmasına rəğmən digər partiyaların nümayəndələri də altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar ki, bu günə qədər belə bir hal olmayıb. Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri daha da sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var idi.

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası zamanı ətraflı və dolğun çıxışı Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Cənab Prezident İlham Əliyev 9 fevral 2020-cil il tarixdə  keçirilmiş parlament seçkilərinin ölkəmizin həyatında önəmli hadisə olduğunu bildirib. Dövlət başçısı Azərbaycanda bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlamentin formalaşdığını və bunu demokratiyanın inkişafında önəmli addım olaraq adlandırıb. Prezident İlham Əliyev qeyd etdi ki, seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaq və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak edib.

         Milli Məclisin iclasına Prezident İlham Əliyev çıxışında onuda vurğulamışdır ki, məsuliyyət ən vacib məsələlərdən biridir. Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar, parlament də daim ünsiyyətdə olmalıdır. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq. Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir.

     Dövlət başçısının bəyan etdiyi kimi, Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır. Azərbaycan yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Parlamentimiz də məhz bu çağırışlara əsasən öz fəaliyyətini qurub.      

            Parlamentin altıncı çağırışından bu günə qədər ötən dövr ərzində Parlament qarşıya qoyulmuş bütün hədəflərə müvəffəqiyyətlə nail olub və xalq tərəfindən seçilən Milli Məclis üzvləri hər zaman seçicilərlə təmasda olub, mütəmadi görüşlər keçirib, onların problemlərini dinləyib və bu problemlərin həlli üçün müvafiq köməkliklər göstəriblər.

        Bütün bunları nəzərə alaraq, bu gün əminliklə deyə bilərik ki, Altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinin tərkib hissəsi olmaqla yanaşı, ölkəmizdə demokratiyanın inkişafında önəmli addım oldu.

Rövşən QurbanovYeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı