24 Dekabr 2024

AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. İclasda AMEA prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verdiyini açıqlayıb. O, yaşla əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib.

AMEA prezidentinin istefasından sonra onun səlahiyyətlərinin kimə həvalə olunacağı maraq doğurur. Bununla əlaqədar AMEA Rəyasət Heyətinin yenidən iclas çağıracağı gözlənilir.

AMEA-nın Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva Modern.az-a açıqlamasında bu gün hər hansı toplantının keçirilməyəcəyini deyib.

“Hazırda AMEA-da iclas gözlənilmir. Dünən amademik Ramiz Mehdiyev istefa vermək niyyətinin olduğunu bəyan etdi. Onun vəzifəsini başqa heç kim icra etmir. Ramiz Mehdiyev istefa ərizəsini Prezidentə təqdim edəcək. Əgər istefa təsdiq olunarsa, vəzifəni kimin icra edəcəyi aydınlaşdırılacaq. Müraciətin nə zaman olunacağını dəqiq bilmirik”, – deyə A.Balayeva vurğulayıb.