24 Dekabr 2024

Dövlət başçısı: “Son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb”

“Dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb. Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə və texniki imkanlarımızı göstərir, həm də maliyyə müstəqilliyimizdən xəbər verir”.

Prezident İlham Əliyev bu barədə “Qobu” Enerji Qovşağının açılış mərasimindən sonra AZƏRTAC-a müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb və bu işlərin yenə də davamı var. Çünki artan tələbat – həm daxili tələbat, həm xarici tələbat, artan ixracımız bunu diktə edir.

“Keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni, biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik. Qeyd etdiyim kimi, həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına sövq edəcək ”, – deyə Prezident İlham Əliyev vurğulayıb.