24 Dekabr 2024

Rusiyanın Qarabağda sülhməramlı komandan problemi – Prezident şok məlumatlar açıqladı

Məlum olduğu kimi, yanvarın 12-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qarabağın dağlıq ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib. Müdafiə Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub. Volkovu general-leytenant, keçmiş komandan Rüstəm Muradov təqdim edib.

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı hərbçilərinin komandanı sonuncu dəfə ötən ilin sentyabrının sonunda dəyişmişdi. General-leytenant Gennadi Anaşkin bu postda general-mayor Mixail Kosobokovu əvəzləmişdi. Üç ay tamam olmamış isə Rusiya Qarabağa yeni komandan təyin etdi.

Maraqlıdır ki, yalnız 6 ay bu vəzifədə qala bilən sülhməramlıların ilk komandanı R.Muradov olub. Ondan sonra bu vəzifədə sanki 3 ay duruş gətirmək müşkülə çevrilməkdədir. Onu da demək lazımdır ki, Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına kimi sülhməramlı kontingentin qərargah rəisi olub. Həmin dövrdə sülhməramlılara Muradov rəhbərlik edirdi. A.Volkov hazırda Rusiya Federasiyası Silahlı Qüvvələrinin beş hərbi-administrativ vahidindən biri olan Cənub Hərbi Dairəsinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə qoşunlarının rəisi olub.  Əfqanıstan, Çeçenistan və Suriyada hərbi əməliyyatlarda iştirak edib. Bəs, bu tez-tez komandan dəyişiklilərin səbəbi nədir?

Məlumdur ki, rəsmi Bakı sülhməramlıların davranışlarından bəzi hallarda narazıdır. Bu, xüsusilə Qarabağa qanunsuz səfərlərlə bağlıdır. Sonuncu dəfə Fransa prezidentliyinə namizədlərdən biri Xankəndinə qanunsuz səfər etmişdi. Onun ardınca isə hakim Vahid Rusiya Partiyasının ermənipərəst deputatı Milonov da Xankəndində peyda olmuşdu. Hər iki qanunsuz səfərlə bağlı Bakının ciddi etirazları olub. Prezident İlham Əliyev isə ölkə telekanallarına müsahibəsində sülhməramlıların fəaliyyəti barədə açıq danışdı və hər şeyi olduğu kimi açıqladı.

İlham Əliyev: "Laçın dəhlizi bizim nəzarətimizdədir...“ » Qlobal.Az

Sitat: “Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki, biz daha geniş prizmadan yanaşmalıyıq və əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil. Amma eyni zamanda onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram. O ki qaldı qıcıq doğuran məsələlərə, əlbəttə, bu bizi də qıcıqlandırır və dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır. Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır”.

İ.Əliyevin sözlərinə görə, digər qıcıq doğuran məsələ odur ki,  Qarabağa, Xankəndinə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir: “Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, – bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, – yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Bax, bu iki məsələ istisna olmaqla, bütövlükdə, yenə də deyirəm, onların funksiyasını mən müsbət qiymətləndirirəm”.

Göründüyü kimi, Prezident çılpaqlığı ilə narazılığı dilə gətirdi. Məhz bu etirazlar səbəbindən Qarabağdakı sülhməramlı generalların belə tez-tez geri çağırıldığını deyə bilərikmi? Rusiya Müdafiə Nazirliyinin komandanları tez-tez dəyişməkdə məqsədi nədir? Bütün bu təyinatların arxasında duran, onları təqdim edən  Muradovun missiyası nədir? Onu Kremlin Qarabağdakı canişini adlandırmaq olarmı?

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən  danışır - 07.05.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərov: “Belə rəy formalaşır ki, Rusiya bir general tapıb sülhyaratma missiyasını təşkil edə bilmir”

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, sülhməramlılarla bağlı xoşagəlməz vəziyyət yaranıb. Onun sözlərinə görə, bu mənzərə Rusiyanın siyasi-hərbi rəhbərliyini də narahat etməkdədir: “İndiyə qədər sülhməramlıların işindən giley-güzar bu səviyyədə olmamışdı. Eyni zamanda Rusiya da heç vaxt sülhməramlıların komandanını bu cür tez-tez dəyişməmişdi. Azərbaycan ərazisində isə bu nümunə göz qabağındadır. Çünki sülhməramlıların ermənilərlə yaxınlaşması, təmasları diqqət çəkməyə bilməz. Prezident rəqəmlərlə açıqladı ki, neçə faiz girəndə yoxlanılır, neçəsi çıxanda. Bir az kobud desək, sülhməramlılar ərazini karvansaraya çeviriblər. Ona görə nəhayət, bu məsələlər dilə gətirilməliydi”.

Ü.Cəfərovun sözlərinə görə, sülhməramlıların biabırçı, nalayiq hərəkətləri olub, hətta ermənilər də şikayət ediblər: “Ona görə komandanları tez-tez dəyişirlər. Rusiya siyasi-hərbi rəhbərliyi  üçün bu cür neqativ hallar, şikayətlər heç də xoş deyil. Belə rəy formalaşır ki, Rusiya normal bir general tapıb Qarabağda sülhyaratma missiyasını təşkil edə bilməyib. Zənnimcə, Andrey Volkovun komandan gəlməsi də fundamental şəkildə nəyisə dəyişməyəcək. Sadəcə, baş qatmağa çalışacaqlar.

Ümumən, Azərbaycanın narazılıqları var: terrorçu Mirzoyanın postumuza qumbara atması, fransızların Xankəndinə gəlişi, Ağdamda hərbçimizə hücum edilməsi… Bu mənada bir vətəndaş kimi hesab edirəm ki, sülhməramlılar bölgədən uzaqlaşdırılmalıdır. Ümumiyyətlə, heç bir ölkə öz ərazisinə onları dəvət etməməlidir. Çünki onların məramı başqadır və faktiki olaraq, 10 noyabr sənədində sülhməramlıların üzərinə düşən punktları yerinə yetirmirlər. Nəticədə ermənilər atəş açır, silahla keçir, bu da Azərbaycan cəmiyyətinin heysiyyəti ilə oynamaqdır”.

Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl açıqlamasında qeyd etdi ki, komandanlar dəyişsə də, onları gətirən də Muradovdur, əsirlərin təhvili işində iştirak edən də odur. İ.İsmayılın sözlərinə görə, əvvəlki komandanların heç biri bu proseslərdə əsas fiqur olmayıb: “Görünür, Muradovun xüsusi təcrübəsi var və ona tapşırırlar. Komandanlar isə rotasiya üsulu ilə dəyişirlər. Sadəcə, tez-tez komandan dəyişiklikləri Qarabağla bağlı deyil. Fikrimcə, Ukrayna sərhədlərinə rus qoşunlarının cəmlənməsi əsas səbəbdir. Çünki ən çox rus qoşunu oradadır. O anlama gəlməsin ki, Rusiyanın hərbçi problemi var. Sadəcə, tez- tez hərbçilərin yerini dəyişirlər. O baxımdan təcrübəli kadr çatışmazlığı ola bilər”.

İlham İsmayıl: "RUSİYA AZƏRBAYCANIN YANINDA OLMAYACAQ" - MÜSAHİBƏ

İlham İsmayıl: “Tez-tez komandan dəyişiklikləri Qarabağla bağlı deyil,  əsas odur ki…”

İ.İsmayıl hesab edir ki, sülhməramlıların komandanının dəyişməsinin xüsusi mürəkkəbliyi yoxdur: “Çünki Qarabağda döyüş getmir, müşahidə məntəqələri mövcuddur, aktiv əməliyyatlar keçirilmir. Kəsəsi, sülhməramlılar hərəkətli deyil, passivlik müşahidə olunur. Volkov özü də müavin olub, nəzərə alıblar ki, bölgəyə nə qədər təsiri var. Kosobokov Osetiyadan gətirilmişdi. Fikirləşiblər ki, yerə bələd olan adam gətirilsin. Ancaq bizim üçün onların kimliyi əhəmiyyətli deyil, əsas odur ki, həqiqi sülhməramlı olsunlar”.

Ekspert bildirdi ki, bəzi hallarda onlar xainlik ediblər: “Fransızların buraxılması ilə üçtərəfli bəyanat pozulub, amma bu, həmin hərbçilərdən yox, Rusiyadan asılıdır. Bu yaxınlarda rəqəmlər açıqlandı, 4391 nəfər indiyə qədər Qarabağa keçib. Hər gün bu qədər xarici vətəndaşın keçməsi Azərbaycan üçün təhlükəlidir. Bir ara İran yük maşınları idi, indi xarici vətəndaşlar…

Rusiya dövlətinin mövqeyi nədirsə, komandan onu icraçısıdır. Onların öz müstəqil addımı ola bilməz. Hərbçilər sabah Afrikada xidmət edə bilər, qərarı Rusiya verir. Ona görə Muradov lider olaraq qalır. Mən xatırladım ki, Kreml görüşündən əvvəl də Azərbaycan Prezidenti Ermənistan rəsmilərinin gəlişinə irad bildirmişdi. Amma Ermənistanın müdafiə naziri, katolikosu gəldilər. Yəni“artsax müdafiə ordusu” yalandır, erməni silahlı qüvvələridir və Rusiya onları çıxarmalıdır. Ona görə Xankəndi problemimiz hələ ki ortalıqda qalıb”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”