23 Dekabr 2024

“Şuşa İli” bizi müəyyənləşdirilmiş strateji hədəflərə bir addım da yaxınlaşdırır

Vətən müharibəsinin başa çatmasından sonra qısa zaman kəsiyində, həm də çox sürətlə Prezident İlham Əliyevin birbaşa iştirakı və təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə başlanıldı. İlk növbədə, işğaldan azad olunan ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlandı və bu rayonların iqtisadi inkişaf proqramları hazırlanıb icra edilməyə başlanıldı. Eyni zamanda, yaranmış iqtisadi-siyasi reallıqlara uyğun olaraq işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsü yenidən müəyyənləşdirildi. Bu siyasətə əsasən, Qarabağın coğrafi statusunda da dəyişiklik edildi: Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları yaradıldı. Şübhəsiz ki, yeni iqtisadi rayonlar iqtisadi və siyasi bütövləşən Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsi üçün yeni tarixi fürsət yaratmaqdadır.

Cənab Prezident və birinci xanım Mehriban Əliyeva Zəfərdən sonra 2020-ci il noyabrın 17-də Füzuli və Cəbrayıl rayonlarına səfər etməklə işğaldan azad edilmiş ərazilərdə ilk quruculuğun əsasını qoydular. Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı və bununla da Qarabağda Böyük Qayıdışın təməli qoyuldu. Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin və Füzuli Beynəlxalq Hava Limanının və Zəfər yolunun təməlləri qoyuldu. 2020-ci il noyabrın 23-də Ağdama səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam məscidini ziyarət edərək bərpası üçün tapşırıqlar verdilər. Dövlət başçısının 2020-ci il dekabrın 23-də Qubadlı və Zəngilan rayonlarına səfərləri ilə Qarabağda genişmiqyaslı quruculuğun yeni planları gerçəkləşdi.

Əlbəttə ki, bu sadalananlar görülən işlərin çox az bir qismidir. 30 ilə yaxın müddətdə düşmənin dağıtdığı, viran qoyduğu şəhərlərimiz, kəndlərimiz bu günlər dirçəlir, gözəlləşir. O torpaqlara həyat yenidən qayıdır.  Heç kəsə sirr deyil ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərini azad etməsi bütün müharibənin taleyini həll etdi.

2021-ci ilin yanvarın 14-də cənab Prezident Şuşa şəhərinə səfər etdi, burada tarixi-mədəni irsin bərpası, Şuşanın əvvəlki şöhrətinin özünə qaytarılması üçün tapşırıq verdi. Şuşada bir çox infrastruktur obyektlərinin, mədəniyyət və tarixi abidələrin bərpası və yenidən qurulması ilə bağlı tədbirlər görüldü, yeni təməlqoyma mərasimləri keçirildi. 2021-ci ilin mart və may aylarında Şuşaya növbəti səfərlər zamanı cənab İlham Əliyev və Mehriban xanım Əliyeva bir sıra mühüm obyektlərin əsasını qoydular. Şuşada Qafqazın ən nəhəng məscidinin və Şuşa şəhər 1 saylı məktəbin təməlləri qoyuldu. May ayında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli qürur, milli mənlik, mədəniyyət, incəsənət və tarix beşiyimiz olan Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalını təşkil etdi. İyunun 15-də qardaş Türkiyənin Prezidenti Şuşaya səfər etdi, bir sıra mühüm tədbirlər təşkil olundu, tarixi Şuşa Bəyannaməsi imzalandı. Avqustun 29-da Şuşa şəhərinə növbəti səfərləri zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin Baş planı təqdim olundu. Həmin səfər zamanı bir sıra obyektlərin açılışı oldu, yeni layihələrin təməli qoyuldu. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, eyni zamanda, Vaqifin büstünün açılışı oldu. Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı baş tutdu. Natəvanın adını daşıyan bulaq istifadəyə verildi. Şuşanın simvollarından biri olan və təmir-bərpa zamanı füsunkar memarlıq ansamblı qorunub saxlanılan “Qarabağ” hoteli də cəmi bir neçə ay ərzində istifadəyə verildi. Cənab İlham Əliyev avqust ayında Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməlini qoydu. Avqustda Şuşada Vaqif Poeziya Günləri keçirildi. Beləliklə, zəngin mədəniyyət ənənələrimizin 30-40 ildən sonra yaşadılması gerçəkləşdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də bəyan etdi ki, 2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur: “İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır”. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı işlərdən danışarkən Ali Baş Komandan İlham Əliyev bir daha vurğuladı ki, azad edilmiş torpaqlarda 2021-ci ildə geniş quruculuq-bərpa işlərinə start verildi: “Deyə bilərəm ki, dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb. Bu işlər haqqında Azərbaycan vətəndaşları müntəzəm olaraq məlumatlandırılır. Əgər mən bu haqda danışmağa başlasam, yəqin ki, bir neçə saat vaxt lazım olacaq, hər şey göz qabağındadır. Bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq”.

Ümumiyyətlə, Prezident İlham Əliyev ötən il ərzində Azərbaycanın bölgələrinə 47 dəfə səfər edib ki, bu səfərlərin də 32-si işğaldan azad edilmiş torpaqlarımıza olan səfərlərdir. Ali Baş Komandan İlham Əliyev qalib Sərkərdə kimi Qafqazın incisi olan Şuşa şəhərinə 7 dəfə səfər edib. Prezident yuxarıda qeyd etdiyimiz çıxışında bu məqamı belə vurğulayır: “Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq”.

Xatırladaq ki, 2022-ci ildə Qarabağ xanı Pənahəli xanın Şuşanın təməlini qoymasından 270 il ötür. Ölkə başçısı İlham Əliyev bu şanlı tarix münasibətilə, eləcə də Şuşanın bərpasını sürətləndirmək məqsədilə cari ili “Şuşa İli” elan etdi.  Təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın incisi, tacı olan, mədəniyyət paytaxtımız adlandırılan bu qala şəhəri hər birimiz üçün müqəddəs və doğma məkan kimi sevilir.