Məmurların dərdini dilə gətirən deputat: Fazil Mustafa gələn il “Bakını xilas edəcək”
Milli Məclisin payız sessiyasının ötən gün keçirilən sonuncu plenar iclasında çıxış edən deputatlarımızdan biri də Fazil Mustafa oldu. Fazil bəy ənənəvi olaraq çıxışında ölkə gündəmi üçün “həyati vacib” hesab etdiyi məqamlara toxunmağa çalışıb. Açığı, hörmətli deputatın toxunduğu mövzuların nə dərəcədə vacib olması, ümumiyyətlə vacib olub-olmaması belə böyük sual doğurur.
Fazil bəyin fəaliyyəti ilə maraqlananlar əksər hallarda parlament tribunasında “gözlənilməz” mövzulardan çıxış etdiyinin şahidi ola bilərlər. Yəni, Fazil bəy üçün gündəmin və aktuallığın adətən önəmi olmur, həmin an dəxli oldu-olmadı ürəyi istəyən mövzunu ürəyi istəyən şəkildə şərh edə bilmək kimi məziyyətlərə sahibdir.
Əslində, parlament kürsüsündə deputatın “çoxşaxəli” fəaliyyəti kənardan təqdirəlayiq hadisə kimi görünə bilər. Ancaq necə deyərlər bunun da bir əmması var…
İlk növbədə parlamentin tribunası sadəcə söz demək, görüntü xatirinə çıxışlar üçün səhnəyə çevrilməməlidir. Çünki bu zaman sözügedən “çoxşaxəli” fəaliyyət, anlamsız söz yığınından başqa bir şey ola bilməz.
İkinci məqam isə çıxışın xalqın, yəni deputatı həmin kürsüyə layiq bilən seçicinin maraqlarını təmin etməsidir. Əgər deputatın şəxsi (birbaşa və ya dolayısı), yaxud başqa maraqları, xalqın, seçicilərin maraqlarının önünə keçirsə, deməyə söz qalmır…
Fazil Mustafa parlamentdəki son çıxışında sadalanan qüsurlardan ilkinə həyrətamiz şəkildə yol verməyib. Yəni mövzu seçimində problem yoxdur. Bakıdakı tıxaclar bütün vətəndaşların yaralı yeridir.
Ancaq gəlin çıxışda səsləndirilən fikirlərə baxaq, ondan sonra qiymətləndirməyə çalışaq:
“Məmurun işi səhər saat 9-da başlayırsa, o, saat 7-dən yola çıxır. Biz bu istiqamətdə düşünməliyik. Gələn ili “Bakı şəhərinin xilası ili” kimi qeyd etməliyik. Necə edək ki, insanlar tıxacda vaxt itirməsinlər, insanlara yol xəritəsi təqdim olunsun”.
İnsafən deyək ki, Fazil bəy bu çıxışın əvvəlində sadə vətəndaşları da yaddan çıxarmayıb, insanların gün ərzində 2-4 saat tıxacda qaldığını vurğulayıb. Ancaq nədənsə, sonradan məmurlar kontekstində problemi “daha ağrılı” şərh edib.
Hər halda Fazil Mustafanın dediyi saat 9-da iş başında olan və ya ən azından buna cəhd edən məmurların harada çalışması çıxışdan daha çox maraq doğurur. Çünki elə ölkəmizdə problemli məsələlərdən biri də məmurların bəzən iş başında tapılmamasıdır. Bunu vətəndaşların şikayətlərində də müşahidə etmək olar.
Görünür, hörmətli deputatımız şəxsən bu problemi kökünə qədər araşdırıb və belə qənaətə gəlib ki, həmin vaxt məmurlarımız tıxacda olublar. Bundan sonra isə məmurların vaxtında iş başında olub xalqın müraciətlərinə cavab verməsi üçün tıxacların aradan qaldırılmalı olduğu fikrini səsləndirmək qərarına gəlib. Belə olan halda Fazil bəyə böyük bir təşəkkür düşür. Vətəndaşlarımıza isə müjdə verək ki, bir işi həll etmək üçün yerində tapılmayan məmurlarımızı tıxaclarda axtarsınlar. Elə yaxşı olar ki, işlərini tıxac vaxtı həll etsinlər, çünki axtardıqları, günlərlə qəbuluna düşə bilmədikləri məmurlar da elə həmin tıxaclarda imiş…
Bir məqamı da qeyd etmək yerinə düşər. Fazil Mustafanın deputat karyerası təxminən 20 ilə yaxın müddəti əhatə edir. Bu müddətdə isə Bakının tıxac problemi hər zaman mövcud olub. Demək Fazil bəy bu müddətdə problemin həllini məqsədəuyğun bilməyib. “Bakının xilası” üçün hədəf kimi isə məhz gələn ili göstərib.
Nə edək? Minə dözən, min birə də dözər. Ən azından, sağ olsun, Fazil bəy 20 ildən sonra bu problemin həllinə nəzər yetirib, tıxac problemini düşünüb. Düşünmədiyi bir şey var ki, onu da xatırlatmaq lazımdır. Bu 20 ildə sözügedən problem gündəlikdə, Fazil Mustafa da parlamentdə həmişə olub. Yəqin ki, bu günə qədər həllini tapmayan problemdə Fazil bəyi də günahlandırsaq, haqsızlıq etmiş olmarıq. Axı o, parlament kürsüsündə bizi təmsil edir…
Əgər deputatımıza hər problemin həllinə təşəbbüs göstərmək üçün bu qədər vaxt tələb olunsa, “Bakının xilasına” kim bilir nə qədər qalıb… Eybi yox, Bakı da, vətəndaşlar da bir qədər gözləyər, əsas odur Fazil Mustafanın narahat olduğu məmurlar tıxacda qalmasın. Heç olmasa, biz tapmasaq da, Fazil bəy rahatlıq tapsın…